"Zirə"nin 22 yaşlı hücumçusu Rüstəm Əhmədzadə Pressing.az-a müsahibə verib.
- İlk növbədə "Səbail" üzərində qələbə qazandınız. Matç haqqında fikirlərini bölüşərdin...
- Bu, bizim üçün vacib oyun idi. Qələbə qazanmaq, yaxşı oyun nümayiş etdirmək istəyirdik. Son vaxtlar bəxt hardasa biz tərəfdə deyildi. Amma bununla belə, çalışırıq və ən yaxşısına can artırıq. Bu dəfə istədiyimiz bizdə alındı.
- Azərbaycan Premyer Liqasında, nəhayət, qol hesabını açdın. Niyə bu qədər uzun çəkdi? Ümumiyyətlə, ilk qol sənin nə dərəcədə əhəmiyyətlidi?
- Bəli, Azərbaycanda ilk qolumu uzun müddət gözləməli oldum. Düzdü, kubok oyununda ("Mingəçevir"lə səfər göüşündə - red) qol vurmuşdum, amma bu, o deyil. İndisə çempionatda fərqləndim və bu, mənim üçün çox əhəmiyyətlidi. Çünki buna doğru uzun müddətdi irəliləyirdim. Ümid edirəm ki, bu qol hansısa böyük uğurun başlanğıcı olacaq. İrəliyə getmək, daha tez-tez qol vurmaq üçün çox çalışacam və əlimdən gələn hər şeyi edəcəm. Ən əsası isə meydanda hərəkətlərimlə komandama kömək etməkdi.
- Hazırkı karyerandan nə dərəcədə razısan? Səncə, niyə kölgədə qalmısan?
- Bəli, dediyiniz məsələdə son 1 ilədə özümdən razı deyiləm. Səbəb də pis formada olmağımdı. Buna görə də özümə çox hirslənirdim. Karyeramım gedişatı məni narazı salırdı. Amma son vaxtlar bütün bunların çözümünü tapdım.
- Maraqlıdır, necə?
- İlk növbədə beynimdə bir çox şeyləri dəyişdim. Bəzi şeylərə başqa cür baxmağa və bununla da formamı yığmağa başladım. İndi yavaş-yavaş hər şey öz yoluna düşür. Artıq hansısa məqamlarda özümdən razıyam. Amma bu, o demək deyil ki, tam razıyam və rahatlaşa bilərəm. Yox, əksinə daha çox işləməliyəm. Özüm üçün bir hədd müəyyənləşdirmişəm, onu saxlamalı və qaldırmalıyam.
- Azərbaycan millisinə dəvət alsan da, iki matçın heç birində 1 dəqiqə olsun belə oynamadın...
- Bu, gözlənilən idi. Çünki o qədər də yaxşı formada deyildimsə və klubumda az oynayırdımsa, aydın məsələdi ki, millidə şans qazanmağım çətin idi. İndisə klubumda son 4 turda əsas heyətdə meydana çıxıram. Yaxşı forma yığıram, güclü tərəflərimi göstərməyə çalışıram. Bütün bunların nəticəsində düzgün yoldayam. Bir az vaxt keçsə, tam optimal formamı yığacam. Bununla yanaşı, ən vacib məqam odur ki, psixoloji planda da hazır olum.
- Avrokuboklara yollanmaq üçün son şansının çempionatda 4-cü yeri tutmaqdı. Bu olarsa, "Neftçi" kuboku qazanarsa, Konfrans Liqasına vəsiqə qazanacaqsınız. "Qəbələ" ilə mübarizədə şanslarınızı necə dəyərləndirirsən?
- Bəli, aramızda gərgin mübarizə gedir, xal fərqi cəmi 1-di. Çempionatın sonunadək yetərincə matç var. Buna görə də hər 2 komanda yaxşı şansa malikdi. Son turadək vuruşacayıq ki, Konfrans Liqasına vəsiqə qazanaq. Gedişatın necə olacağını zaman göstərəcək. Bizdən asılı olan nə varsa, maksimum dərəcədə edəcəyik. Sonluğun necə alınacağını isə artıq vaxtı çatanda biləcəyik.
- Mövsümün sonundan söz düşmüşkən, "Zirə" ilə icarə müqavilən həmin vaxt bitəcək. Burda daha çox oynadığını nəzərə alsaq, qalmağı düşünürsən? Yoxsa müqavilənlə məxsus olduğun, daha güclü rəqabət olan "Qarabağ"a dönməyi?
- Bəli, "Zirə" ilə icarə müqaviləm başa çatır. Və "Qarabağ"a qayıtmağı planlaşdırıram. Orda oyun vaxtıma gəlincə, bilirəm ki, böyük rəqabət olacaq. Amma bir daha təkrar edirəm ki, yaxşı forma yığıram. Fikrimcə, düzgün düşüncəylə, düzgün işləməklə belə rəqabət nəticəsində daha da güclü olacam. Güclü rəqabət həmişə yaxşıdı. Üstəlik, "Qarabağ"ın daha çox oyunu olacaq və mənə də şans düşəcək ki, yetərincə meydanda olum. Bununla özümü göstərmək fürsəti qazanacam. Artıq bu zaman hər şey özümdən asılı olacaq. "Qarabağ"a elə "nastroy"la qayıdacam ki, formamı yığıram, artıq oyun planındayam və burda da özümü göstərə bilərəm.
- Bəs, Ukraynaya qayıtmaq variantı necə?
- Hələ bu variantı nəzərdən keçirmirəm. Açığı, heç bu barədə düşünməmişəm.
- Ukraynadan söz düşmüşkən, bu ölkədə karyeran zamanı sənə tanış olan Eldar Quliyev və Vladislav Kulaçla "Zirə"də komanda yoldaşısan. Son qələbənizi demək olar ki, bu üçlük müəyyənləşdirdi. Onlarla birlikdə oynamaq necədir?
- Aha, onlarla tanışam. Eldarla "Minay"da komanda yoldaşı olmuşam. Onlarla birgə oynamaq rahatdı, meydanda bir-birimizi yaxşı hiss edirik. Ümumiyyətlə, Ukraynadan gələn futbolçularla bir komandada olmaq mənə xoşdu. Çünki belə götürəndə, başqa ölkədəyik, amma hamımız bir yerdən gəlmişik. Bu baxımdan müsbət cəhətlər var. Həm meydanda, həm də ondan kənarda yaxşı anlaşırıq. Bu məsələdə ancaq pozitiv cəhətlər var.
- Artıq bir ildən çoxdu Azərbaycandasan. Doğulduğun Ukraynadan müharibə başlayarkən ayrılası oldun. Tarixi vətəninə nə dərəcədə uyğunlaşa bilmisən?
- İlk vaxtlar mnə bir az çətin idi. Çünki Ukraynada doğulub boya-başa çatmışam. Və bura mənə yeni ölkə olduğundan fərqli idi. Amma artıq kifayət qədər vaxt keçib və adaptasiya olmuşam. Prinsipcə, burda hər şey xoşuma gəlir. Bakı çox gözəl şəhərdi. Burda hər şey məni qane edir. Ola bilər ki, Ukraynada müharibənin başlaması - hansı ki, indiyədək davam edir - adaptasiya, zədə, xəstələnməyim üzündən ilk vaxtlar çətinliklərim vardı. Amma artıq bunları dəf etmişəm. Fikrimcə, doğru yoldayam və hər şey yaxşı olacaq.
Elsevər Muradzadə