Yenə noyabrın 8-i idi... » Pressing.Az
Yenə noyabrın 8-i idi...
Digər növlər / Bloqlar 14-11-2024, 14:32

Həmkarım Aydın Bağırov noyabrın 8-də Xankəndiyə gedəcəyimizi deyəndə, bu, indiyədək aldığım ən gözəl xəbərlərdən biri oldu.

Xankəndi, Şuşa, ələlxüsus Şuşa-Xankəndi yolu... 2-ci Qarabağ müharibəsindən sonra ora – Şuşadan Xankəndiyə gedən yola, qanımın töküldüyü əraziyə getməmişdim. Bu, mənim üçün göydəndüşmə təklif idi. Odur ki, dəyərləndirməyə, qarşıdakı planları təxirə salmaya bilməzdim.

Marşrutumuz isə geniş idi. Təkcə Xankəndiyə, Şuşaya yox, Qarabağın digər dilbər guşlərinə də ayaq basacaqdıq. İlk olaraq Ağdama daxil oluruq. İşğal dövründə darmadağın edilən, bir salamat tikili belə qalmayan Ağdama... Həqiqətən də, deyildiyi kimi, vaxtilə Azərbaycanın ticarət mərkəzlərindən olan Ağdam indi "ruhlar şəhəri"ni xatırladır. Milli qəhrəman Allahverdi Bağırovun yurduna daxil olanda yolun sağ və sol cinahına göz gəzdirirəm. Ermənilərin "məşhur" "Ohanyan səddi"nə tamaşa edirəm. İşğal dövründə Ağdam kimi şəhəri istehkama çevirən düşmən geniş ərazi boyu mina və digər sursatlardan istifadə etməklə nə vaxtsa doğma torpaqlarına doğru irəliləyəcək Azərbaycan Ordusuna tələ qurmuşdu. 2-ci Qarabağ müharibəsinə Ağdam cəbhəsindən başlamadıq, amma ordumuz Füzulidəki "Ohanyan səddi"ini bir neçə saata (!) keçərək ildırım sürətilə irəlilədi. Ağdamdan başlasaydıq da, o səddi aşacaq, istehkamları darmadağın edəcəkdik. Nəyin bahasına olursa olsun...

Futbol sahəsində olan biri kimi Ağdama daxil olanda mənə ilk maraqlı gələn yer adı dillər əzbəri olan "İmarət" stadionu idi. Ağdamlı həmkarımın dəvəti ilə "İmarət"ə daxil olduq. İçəridə xan ailəsinin üzvlərinin qəbirləri, sərdabələr, bir sözlə, tariximizin bir parçasına əyani şahidlik etdim. Daha sonra "İmarət"də azca yol yorğunluğunu çıxarmaq imkanımız oldu. Gəlmişkən, buranın çayından içib, Ağdamın Şelli kəndindən gətirilən, o zonada adıyla bilinən məşhur Şelli narından da yedik.

Yenə noyabrın 8-i idi...

Ağdama getmisənsə, məscidə, Allahverdi Bağırov, "Qatır Məmməd" ləqəbi ilə tanınmış Yaqub Rzayev, onun oğlu Canpolad Rzayev və digər qəhrəmanlarımızın uyuduğu Şəhidlər Xiyabanına baş çəkməsən, sözün əsl mənasında günah olar.

Beləliklə, qısa müddət Ağdamda olduqdan sonra irəli yol alırıq. Növbəti dayanacaq isə Xankəndi idi. Ağdamdan Xankəndiyə təxminən yarım saatlıq məsafədir. Dərə-təpəyə göz gəzdirə-gəzdirə gəlib şəhərə çatırıq. Amma şəhərin mərkəzinə yox, Şuşaya ayrılan yola daxil oluruq. Bu an həyəcanım daha da artır. Döyüşdüyüm yerə gedirəm...

... Yenə noyabrın 8-dir. Təsadüfdən hava da 4 il əvvəlki kimi günəşli və mülayimdir. Sanki təbiət də mənə həmin anları göz önündə canlandırmaq üçün fürsət yaradıb. Vuruşduğumuz nöqtəyə çatınca daha da vakuuma düşürəm.

Qarşıdan yenə texnika səsləri gəlir. Bir anlıq həmin səslərin 4 il əvvəl, elə bu gün, bu dəqiqələrdə Xankəndidən Şuşaya doğru irəliləyən düşmən tanklarından çıxdığını hiss edirəm. Neyləyəsən, əldə deyil... Amma...

Bu, ermənilərin Xankəndidə verilən həyəcan siqnalından sonra magistrala düzülən xaçlı tankları yox, özümüzün texnikaları idi. Yol çəkilir, o magistral daha da genişləndirilir, ətrafı abadlaşdırılır. Artıq döyüşdüyüm yerə çatmışam. Hər qarışına diqqətlə baxmağa çalışıram. Avtomobildən seyr edirəm deyə, istəmirəm ki, bir metr ərazi belə gözümün önündən getsin. Oraların bir rəsm kimi hərəkətsiz qalmağını istəyirəm. Çünki hər qarışında izimiz var, hər qarışında yoldaşlarım şəhid olub, hər qarışına qanımız tökülüb.

4 il əvvəl bu gün, bu radələrdə taborumuz Şuşa-Xankəndi yoluna daxil olmuşdu, irəliləyirdik. Aramsız atılan minaatan mərmiləri, asfaltı dəlik-dəlik edən tank gülləsi, hər 100 metrdənbir qurulan düşmən pusquları, yaralıların imdadı, şəhid olan yoldaşların başı üzərində fəryad edən döyüşçülər... Həmin gün burada cəhənnəm ab-havası yaşanırdı.

Yaralandığım yeri tapıram. Maşından düşüb, hövlnak ora qaçıram. Yol genişləndirildiyi üçün, demək olar ki, çox ərazi qazılıb. İlk baxışda səhv nöqtəyə gəldiyimi düşündüm, amma vaxtilə Xankəndi yolunun üstündə ermənilərin qoymuş olduğu tank heykəlinin (sonradan götürülərək Bakıya – Hərbi Qənimətlər Parkına gətirilib – D.Ə.) yerinə baxdıqdan sonra düz tapdığıma əmin oldum. 4 il əvvəl noyabrın 8-də bu nöqtədə döyüş yoldaşımı xərəkdə təxliyyə edərkən arxadakı təpələrdə mövqelənən ermənilərin gülləsinə tuş gəlmişdim. Qanım tökülmüşdü bu nöqtədə. Yer qazılıb, torpağın sözün xoş mənasında altı üstünə gətirilib. Amma izlərimiz, tökülən qanımız həm torpağın altında, həm də üstündə qalmaqdadır. İndidən sonra ora nə qədər gedəcəmsə, düşüncəmdə belə də qalacaq.

Xeyli şəkil, video çəkdikdən sonra oradan uzaqlaşıram. Rahatam, o yola yenidən ayaq basdım, şəhid olan yoldaşlarımın ruhu qarşısında baş əydim. Artıq Xankəndi şəhərinə gedə bilərəm.

Beləliklə, oranı da tərk edib, Xankəndiyə düşürük. Məncə, şəhərin gözəlliyini təsvir etməyimə ehtiyac yoxdur. Azadlığına qovuşduqdan sonra xeyli vətəndaşımız Xankəndiyə gedib, orada olmayanlar da ən azından kadrlarda buranın füsunkarlığını, infrastrukturunu görüb. Zəfər Günü münasibətilə şəhərin mərkəzində hərbçilərin ənənəvi təntənəli keçidi də baş tutub. Restoranlardan birində nahar etdikdən sonra Xankəndinin mərkəzində gəzinib, bu anları tarixin yaddaşına həkk etməmiş də deyilik.

İndi isə Laçına getmək vaxtıdır. Dolanbac yollarla mərhum sənətçi Məhəbbət Kazımovun "Laçınım" mahnısının sədaları altında bu qədim yurda istiqamət alırıq. Laçının gözəlliyi məni sanki bir ayrı dünyaya saldı. Nə yaxşı ki, Laçına getməmiş tamamlanmadı səfərimiz. Həmkarıma "hələ payızdır, Laçın belə gözəldir. Gör yayda bura necə cənnətməkan olacaq" deyirdim. Şəhərə qaş qaralanda daxil olduq. Saat 00:00-u göstərir. Atəş səsləri eşidilir. Amma bu, atəşkəsin pozulması yox, atəşfəşanlıq idi. Möhtəşəm zəfərimizin dördüncü ildönümü münasibətilə Laçın şəhərində səmaya fişənglər atılır. Özü də Laçının elə bir nöqtəsindən atılır ki, ermənilərin yaşadığı Gorusdan açıq-aydın görünür. Bu anları canlı yaşamağın ləzzəti bir başqa idi...

Gecələdikdən sonra Laçının məşhur Həkəri çayının kənarında səhər yeməyinə otururuq. Həkəri sevincindən daha gur axır, coşub-çağlayır. Səhər saatlarıdır, su buz kimidir. Adamın əlini donduran sudan üzümüzə çiləyirik. Gör, 30 ildən sonra doğma elinə qayıdan, Həkərinin kənarına gələn laçınlılar nə hisslər keçirirlər.

Azadlığına qovuşan ərazilərə səfər etmişkən, Qarabağn tacı olan Şuşaya getməmək olmazdı. Vətən müharibəsində müdafiəsində olduğum Şuşa Qalasını, Cıdır düzünü, ümumiyyətlə, şəhəri görmək, gəzmək də bir ayrıcalıq idi.

Səfərimizə nöqtəni isə Xocalı ilə qoyuruq. Azərbaycanın qan yaddaşı olan Xocalı ilə. Şəhərə daxil olanda adamı istər-istəməz qəhər boğur. Dağlara baxdıqca 1992-ci ilin 26 fevralında qətlə yetirilən, ayaqyalın Ağdama üz tutan xocalılıların fəryadını duyursan. Buralar günü-gündən çiçəklənir, amma o travma uzun müddət bizimlə qalacaq...

***

2 günlük səfərimiz yekunlaşır, amma orada gördüklərimi, yaşadığım duyğuları bir yazıya sığdırmaq mümkün deyil. Sizə müxtəsərini dedim hələ. Qarabağlı günlərimiz əbədi olsun...

Daşqın Əziz, Bakı-Qarabağ-Bakı