mate kvirkviya
Mate Kvirkviya: "Həmin tovuzlu futbolçuya məsləhət görərdim ki, məğlubiyyətlə barışsınlar" - MÜSAHİBƏ
Manşet / Müsahibə / Azərbaycan Futbolu 16-04-2023, 18:23

"Kəpəz"in 26 yaşlı gürcüstanlı vingeri Mate Kvirkviya Azərbaycan Premyer Liqasının 30-c turu çərçivəsində dünən "Kəpəz"ə məğlub olduqları oyundan (0:1) sonra jurnalistlərə müsahibə verib.

Pressing.az
müsahibəni diqqətinizə çatdırır.

- Adətən gərgin keçən Qərb derbisində qazandığınız vacib qələbədə həlledici rol nə oynadı?

- Oyunun nə dərəcədə vacib olduğunu bilirdik və maksimum yaxşı hazırlaşmışdıq. Sonadək intizamlı oynadıq, aqressiv futbol nümayiş etdirdik. Fikrimcə bunlar qələbədə həlledici oldu. Bizə bu komandaya qarşı oynamaq çətin idi. Çünki indiyədək onları məğlub edə bilməmişdik. Nəhayət bu uğursuz seriyaya son qoyduq və "Turan Tovuz" üzərində ilk qələbəmizi qazandıq. "Kəpəz"in bütün azarkeşlərini təbrik edirəm. Göstərdikləri dəstəyə görə çox sağ olsunlar.

- Aydın məsələdir ki, Gəncədəki meydança bərbad vəziyyətə düşsə də orda ən böyük üstünlüyünüz sizə çılğın şəkildə dəstək göstərən Gəncə publikasıdır. Bu dəfəki Qərb derbisini keçirmək üçün xeyli məsafə qət etməli oldunuz. Qəbələdəki ab-hava, azarkeş dəstəyi necə idi?

- Bəli, Gəncədəki meydança yararsız vəziyyətə düşüb, amma hal-hazırda orda işlər gedir. Ümid edirəm ki, növbəti turlarda ev matçlarını doğma divarlar arasında keçirəcəyik. Azarkeşlərimiz qarşısında oynamaq böyük motivasiya və dəstəkdir. Qəbələdə də bunu gördük.

- Oyunda vurulan yeganə qolda sən də yaxından iştirak etdin və məhsuldar ötürmə ilə yadda qaldın. Həmin epizodu necə xatırlayırsan?

- Meydana çıxanda yalnız komandanın qələbəsini düşünürəm, şəxsi statistikamı yox. Fikirləşirəm ki, komandama necə fayda verim. Epizoda gəlincə, komanda yoldaşımın daha yaxşı vəziyyətdə olduğunu gördüm. Ona görə də özüm irəliləmədim və topu Abdullahiyə ötürdüm. O da yaxşı zərbə vurdu.

- Səncə, bu qələbədən sonra Premyer liqada qalmaq vəzifəsini artıq yerinə yetirdiyinizi demək olar?

- Bura gəldiyim gündən Premyer liqadan düşmək haqqında heç vaxt düşünməmişəm. Əksinə fikirim yüksək məqsədlərlə bağlı olub. Hesab edirəm ki, turnir cədvəlində bir qədər də irəli gedə bilərik. Bu baxımdan hazırda bizi qabaqlayan rəqiblə ("Turan Tovuz" - red) şansımız bərabərdi.

- Oyunda sənin üçün məyusedici an da oldu ki, aldığın sarı vərəqə səni cəzalı duruma saldı. Belədə növbəti tur "Şamaxı" ilə vacib səfər matçında komandaya kömək edə bilməyəcəksən. Buna görə nə dərəcədə üzüldün?

- Çox məyusam Şamaxıda komandama kömək edə bilməyəcəyimə görə . Onu da deyim ki, komandam mənsiz də güclüdür. Mən meydanda olduğumda yenə də həmin gücə malik oluruq. Buna görə də yoxluğumu "Kəpəz" üçün problem görmürəm.

- Və təbii, oyundan sonra baş verən insident haqqında soruşmaya bilmərik. Səni vuran rəqib futbolçu Tərlan Quliyev səni tanıdığını, meydanda oyun zamanı da qıcıqlandırıcı hərəkətlərə yol verdiyini iddia edir. Onun sözlərinə görə səni vurmayıb, sadəcə toqquşmusunuz və sən də simulyasiya edib özünü yerə atmısan. Bu fikirlərlə nə dərəcədə razısan?

- Həmin tovuzlu futbolçuya məsləhət görərdim ki, artıq 6 oyundur qalib gələ bilmədikləri və yenə məğlubiyyət almaları ilə barışsınlar.

- Videoda hər şey çox aydın görünür. Təxribatı kim yaradıb?

- Videoya baxanda hər şey ideal görünür. Simulyasiyam görünsəydi mənə qırmızı vərəqə verilərdi (gülür).

- "Kəpəz"lə müqavilən mövsümün sonunda bitir. Qalmağı düşünürsənmi? Yeni müqavilə təklifi almısanmı? Yoxsa Azərbaycanın iddialı klublarından və ya başqa ölkələrdən daha cəlbedici təkliflərin var?

- İndi yalnız komandam haqqında düşünürəm. Bilmirəm mövsümün sonunda nə olacaq. Onu deyə bilərəm ki xaricdən təkliflər var. "Kəpəz"in prezidenti ilə hələ söhbətim olmayıb.

- Maraqlıdır, aldığın təkliflər hansı ölkələrdən, hansı klublardandı?

- Polşa, Qazaxıstan və Özbəkistan. Amma bu 3 ölkədən hansı klubların mənə maraq göstərdiyini açıqlaya bilmərəm.

- Belə qənaətə gəlmək olar ki, mövsüm bitəndə "Kəpəz"i tərk edəcək, bir illik Azərbaycan karyerana son qoyacaqsan?

- Burada oynamaq çox xoşuma gəlir. Azərbaycanda yaxşı səviyyə var. Bir daha təkrar edirəm, mövsümüm sonunda nə qərar verəcəyimi hələ müəyyənləşdirməmişəm. Qərar verəcəyəm ki, harada mənə daha yaxşı olacaq, harada inkişaf edəcəyəm.

Elsevər Muradzadə, Bakı-Qəbələ