Kapitan: "Meydana çıxanda hansı formanı geyindiyimizin fərqindəyik" - MÜSAHİBƏ » Pressing.Az
Kapitan: "Meydana çıxanda hansı formanı geyindiyimizin fərqindəyik" - MÜSAHİBƏ
Azərbaycan Futbolu 2-11-2023, 13:03

Qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində son olaraq doğma divarlar arasında Monteneqro yığmasına qalib gəldi - 3:0. Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda bu nəticə ilə bərabər 4 turdan sonra qrup lideridir. Millimizin kapitanı Sevinc Cəfərzadə Pressing.az-a müsahibəsində həm bu turnirdə gələcək perspektiv, həm də klub karyerasında mümkün dəyişikliklər haqda fikirlərini bölüşüb.

- Qaçırdığın qol epizodlarından sonra kövrəlmişdin, məşqçilərin sənə təsəlli verirdi...

- Bilirsiniz, əsas komandanın qələbəsidi. Amma mənim kimi təcrübəli futbolçular belə qol imkanlarından əslində, yararlanmalıdı. Çünki belə hallar digər matçlarda ola bilər və bu şanslardan istifadə eləmək lazımdı. İndi hesab 3:0 idi, digər oyunlarda isə belə üstünlüyümüz olmaya bilər. Buna görə hücumçu olaraq fərqlənməliyəm. Həm də qol vurub bunu atama həsr eləmək istəyirdim.

- Ad günü idi?

- Yox. Sadəcə, belə arzum vardı. Bakıya gələ bilmədi. Lənkərandadı və təbii ki, "CBC Sport"la matçı canlı izləyib. Bu dəfə olmadı, problem deyil, inşallah, başqa vaxta qalsın. Mənim üçün əsas komandanın qələbəsidi. Dediyiniz isə bir anlıq emosiyadı. Futbolda belə hallar da olur. Mənim üçün əsas odur ki, komanda şəklində istədiyimiz nəticəyə nail olduq.

- Fərqli hissələr oldu. İlk hissədə qol vura bilmədiniz, amma fasilədən sonra buna 3 dəfə nail oldunuz. Hərçənd, ikinci hissəyə heç də yaxşı başlamadınız....

- Oyun başlayanda rəqibi analiz etməyi qarşımıza məqsəd qoyduq. İlk 10 dəqiqə kəşfiyyat xarakterli oldu. Əslində, rəqibin oyununu analiz eləmişdik. Amma yenə də buna ehtiyac vardı. Çünki fərqli sistemdə çıxa bilərdilər. Gördüyünüz kimi, ikinci hissə başlayanda oyunumuz alınmadı. Əsas odur ki, toparlana bildik. Bilirdik ki, 1 qol vursaq, ardı gələcək və rəqib ruhdan düşəcək. Məni əsas sevindirən amillərdən bir budu ki, AFFA rəhbərliyi qarşısnda bu qələbəni qazandıq. Assosiasiya prezidenti Rövnəq Abdullayev bizim matçı izləməyə gəlmişdi. Həm də televiziya vasitəsiə hər kəs gördü ki, bizdə qadın futbolu var. Təbii ki, hər matçda meydana ölkəmiz adına qələbə qazanmaq üçün çıxırıq. Uduza da bilərik, lakin heç vaxt döyüşmədən meydandan ayrılmırıq.

- Uzun illərdi millidə çıxış edirsən və əvvəlllər daha çox uduzurdunuz. İndisə isə məğlubedilməz gedirsiniz, qələbələriniz daha çoxdu. Necə bir fərq var komandada?

- Bizdə heyətin çoxu gənc futbolçulardan ibarətdi. Bir zaman lazım idi ki, komanda toparlansın, çox oyun keçirsin. Təbii ki, qızların legioner həyatı yaşamağı da çıxışımıza müsbət təsir göstərir. Bəzən ölkədən kənarda çıxış edə, amma milli komandada nəticə verməyə bilərsən. Burda milliyə gəldikcə ilk olaraq iradə, əzm, xarakter nümayiş etdiririk. Hal-hazırda qələbələri sıralamağımızda ən böyük faktorlardan biri kimi birlik olmasını qeyd edərdim. Meydana çıxanda bir-birimiz üçün oynamağın və hansı formanı geyindiyimizin fərqindəyik.

- Qrup lideri olmağınız böyük ölçüdə həll olunub, yoxsa fərqli fikirdəsən?

- Təbii ki, başqa cür düşünürəm. Çünki bu, futboldu, hər şey ola bilər. Oyundan sonra komanda yoldaşlarıma da bildirdim ki, bu gün sevindik, sabah dincəlirik, birigündən isə artıq digər oyunları düşünmək lazımdı. Çünki hələ heç nə bitməyib. Qarşıda 2 oyun var və vəsiqə hələ yüz faiz təmin olunmayıb. Amma bəli, ən yaxın izəyicimizlə xal fərqini 4-ə yüksəltməklə şanslarımızı xeyli artırmışıq. Sadəcə. bu xal fərqi də bizi rahatlaşdırmamalıdı. Təbii ki, son 2 matçımıza da qələbə üçün çıxacağıq və qrupda mübarizəni maksimum xal toplayaraq 1-ci yerdə bitirmək istəyirik.

- AFFA rəhbərliyindən yaxşı mükafat gözləyirsiniz?

- (gülür) O barədə bir söz deyə bilmərəm. Amma hansısa mükafat gözlənilir. Təbii ki, qrupdan çıxarıqsa, AFFA rəhbərliyi bunu öz diqqətində saxlayacaq və bizi mükafatlandıracaq. Bunu çox səmimi deyirəm ki, Azərbaycan futbolu, qadın futbolu adına bir tarix yazaq, sonra digər məsələlər - pul, mükafat həll olunacaq. Bizim üçün əsas bu ilkə imza atmaqdı. Təbii ki, pul hər kəsə lazımdı. Qoy, bu mərhələni keçək, sonra əminəm ki, bizə diqqət göstəriləcək. Bunu 1-ci yeri tutandan sonra düşünə biərik.

- İndi düşüncələriniz klublarınızla bağlı olacaq. Necədi işlərin "Krasnodar"da?

- "Zenit"də oynayan Nigar Mirzəliyevaya da, mənə də Rusiyada münasibət çox yüksək səviyyədədi. Heç bir problemimiz yoxdu. 3 ildir "Krasnodar"ın üzvüyəm və bir aydan sonra Rusiyada çemponat bitir. Hal-hazırda bir şeylər deyə bilmirəm, amma bəlkə dəyişikliklər oldu. Bunu olub-olmamasını zaman göstərəcək. Hələ o qərarı verməmişəm.

- Belə başa düşdüm ki, təkliflərin var və götür-qoy edirsən ki, "Krasnodar"da qalım, yoxsa gedim?

- Təklif var, amma milli komandaya gəlmişdim deyə bütün fikrimi bura yönləndirmişdim. Dincəlməyə də vaxtım yoxdu. Çünki noyabrın 3-də artıq klub oyunum var. Vaxtı gələndə yekun qərarımı verəcəm.

- Klubunu, yoxsa ümumiyyətlə, ölkəni dəyişmək istəyirsən?

- Bu haqda hələ bir söz deyə bilmərəm. Onu deyə bilərəm ki, "Krasnodar"la hələ 2 illik müqaviləm var

- Sosial şəbəkələrdə qadın millimizi kişi yığmasıyla tez-tez müqayisə edirlər ki, xanımlarımızın göstərdiyi xarakteri kişilər göstərə bilmir. Yəqin, şərhlərdə bunu özünüz də görmüsünüz və belə müqayisələr haqda komanda daxilində danışırsınız...

- Belə hallar çox az olur. Səmimi deyirəm ki, öz işimizə baxırıq. Bizə özümüz maraqlıyıq. Durub kişi futboluyla özümüzü müqayisə edək - buna heç vaxtımız da yoxdu. Sadəcə, nə etməli olduğumuzu edirik və gördüyünüz kimi, bu, hal-hazırda bizdə alınır. Deməli, doğru yoldayıq və bunu qoruyub saxlamaq lazımdı. Çox istərdim ki, bu uğurlu çıxışımız uzun illər davam eləsin. Çünki buna futbolumuzun ehtyacı var. Əlimizdən gələnin ən yaxşısını edəcəyik ki, Azərbaycan adına yüksək yerlərə çıxa bilək.