"Hamımız üçün utancverici məğlubiyyətdir" - Laurentsiu Regekampf » Pressing.Az
"Hamımız üçün utancverici məğlubiyyətdir" - Laurentsiu Regekampf
Azərbaycan Futbolu 7-05-2023, 18:00

"Danışılası bir şey yoxdur. Fanatlarımızdan üzrxahlıq etmək istəyirik. Bu, "Neftçi" tərəfdən komanda olaraq yaxşı davranış deyil. Kubokda finala adladıqdan sonra komandada atmosfer asanlaşıb. Konsentrasiya yox idi. Bu, "Qarabağ"la oyundan başlamışdı. Qarşıda üç oyunumuz var. Biri səfərdə, ikisi evdə. Biz davranışımızı və düşüncə tərzimizi dəyişməliyik. Qələbə ruhunu komandaya yenidən qaytarmalıyıq. "Turan Tovuz"dan bu cür oyun gözləyirdim. Çünki kubokun yarımfinalında son 10 dəqiqədə oyunu əldən verdilər və biz finala çıxdıq. Onlar da çox əziyyət çəkdilər. Həftəboyu oyunçularıma çatdırmaq istəyirdim ki, Tovuzda asan olmayacaq, mübarizə aparmaq lazımdır. Qarşıdakı çempionat oyunu üçün çox şeyi dəyişməliyik. Çox seçimimiz də yoxdur. Oyunçuların qayğısına qalmalıyıq. Əlbəttə ki, ev oyunumuz tamamilə fərqli olacaq. Həm özüm, həm də, oyunçuların adından azarkeşlərdən üzr istəyirəm".

Pressing.az
xəbər verir ki, bu sözləri "Neftçi" klubunun baş məşqçisi Laurentsiu Regekampf Azərbaycan Premyer Liqasının 33-cü turunun "Turan Tovuz"la görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

- "Turan Tovuz" bu mövsüm ilk dəfədir ki, dörd qol vurur. Hər halda, "Neftçi" "Şamaxı", "Səbail" deyil...

- Haqlısız. Bundan öncə də vurğuladım ki, bizim səviyyədə olan komandada belə şey baş verməməldir. Çox asanlıqla qollar buraxdıq. Çox şeyi müzakirə edə bilərik. Ən vacib amil odur ki, bu loqolu formanı meydana daxil olursansa, davranışın fərqli olmalıdır, belə asanlıqla qollar buraxmalı deyilik.

- Nəticəyə görə utanırsız?

- Bəli. Mən də komandanın üzvüyəm və hamımız üçün utancverici məğlubiyyətdir. Düşünmürəm ki, mən, rəhbərlik və futbolçular fərqliyik, hamımız bir komanda üçün mübarizə aparırıq. "Neftçi" kubokda finala çıxanda, deməmişəm ki, mən etdim, həmişə biz deyirəm. Vicdanlı olmalıyıq və bəzi limitlərlə cavab vermək istəyirəm sizə. Qarşıda üç həftə əzmkar çalışmaq üçün vaxtımız var. "Turan Tovuz" məğlubiyyətini "yumalıyıq" və bütün tənqidləri qəbul etməliyik. Amma eyni anda da çalışmalıyıq. Üçüncü yerdəyik. Futbolçular bilir ki, bu yerdə olacağıq. Ona görə bayaq dedim ki, bu formanı geyinəndə başqa cür davranmalı, başqa cür düşünməlisən. Amma bəzən elə məqamlar var ki, nə itirəcəyin, nə də qazanacağın şeylər olur. Belə düşünəndə də, bu cür hallarla rastlaşırsan. Həssas davranmalıyıq. Bilirəm ki, haqqımda tənqidlər yazacaqsız, bunu qəbul edirəm. Amma oyunçularımı da qorumalıyam. Çünki mövsümün sonunda final oynayacağıq. Hər birinə meydanda döyüşüb, kuboku qazanmaları üçün ehtiyacım olacaq. Bugünkü məğlubiyyəti təsadüf kimi qəbul edəcəm. Fanatlardan nəticəyə görə üzr istəyirəm. Əgər başlayıb məni "vurmaq" istəyirsizsə, buyurun.

- Final fiti səslənən kimi komandanı meydanın mərkəzinə yığdınız...

- Oyundan qabaq da onlara demişdim ki, nələri etməsək, başımıza hansı hadisələr gələ bilər. Onlar da oldu. Fərid Yusifliyə ona görə əsəbiləşdim ki, lazımsız yerə sarı vərəqə aldı və cəzalı duruma düşdü. Kifayət qədər problemimiz var. Voyislav Stankoviç bir oyunu da buraxacaq, hər iki Azər zədəlidir. Ataa Caberin keçmiş formasını qaytarmalıyıq, Eddi İsrafilova daha çox oynamaq imkanı verməliyik. Bizim komanda fərqli olacaq. Oyunçularımla danışdım və dedim ki, ayılmalıyıq. Daha ciddi olmalıdılar, tətil deyil. Bu, bizim, klubun adıdır. Çempionatda qələbə qazansaq da, tabloda heç nə dəyişməyəcək. Amma imkan verə bilmərik ki, adımız belə ləkələnsin. Bəlkə də, deyə bilərlər ki, daha gənclərlə oynamaq olar. Amma bunu edə bilmərik. Çünki finalda oynayacağıq, əsas oyunçular hazır olmalıdır.

- Ancaq kuboka köklənmisiz....

- Çünki bu, tituldur. Niyə buna önəm verməyək? Titul qazanmaq çox vacibdir. Oyunçuların səviyyəsini saxlamalıyam ki, onlar kuboku udmalı olduqlarını unutmasınlar. Çempion ola bilmədik, çox xallar itirdik. Qarşıdakı sezon üçün çox güclü olmalıyıq. Titulu qazanmaq şansımız varsa, niyə etməyək? Bizim üçün hazırda ən vacibi kuboku qazanmaqdır. Çünki artıq komanda Konfrans Liqasının seçmə mərhələsinə vəsiqə qazanıb. Futbolçularımın kuboku qazanmaq haqqı var. Döyüşüblər, mübarizə aparıblar. Bugünkü oyuna və nəticəyə görə üzülürəm. Eyni zamanda, sevinirəm ki, bu oyunçular komandanı kuboku finala daşıyıblar, üçüncü yeri tutublar və KL-ə vəsiqə qazanıblar. Bəli, razıyam, sizinlə eyni düşünürəm ki, belə hesabla uduzmaq olmaz. Oyunçularımla bu haqda danışmışam. Sizə yalan danışa bilmərəm. Amma yaddan da çıxarmayaq ki, onlar indiyə qədər nələr edib. Finala vəsiqə qazanıblar. Bu da, bir tituldur. Mövsüm bitəndə rəhbərlik üçüncü yeri bəyənməyəcəksə, mənə bu barədə fikirlərini bildirəcəklər və tənqidlərə hazıram. Amma sizə əminliklə deyə bilərəm ki, növbəti sezonda istədiyimiz heyət, komanda olsa, çempionluq uğrunda mübarizə apara bilərik. Demirəm ki, oyunçuları dəyişəcəyik. Yeni oyunçular gəlməlidir.

- Süni meydanda komanda niyə çətinlik çəkir?

- Burada məşq etmək istəmirdik. Onsuzda, oyunçularla bağlı kifayət qədər problem var. İstəmirəm ki, bu söhbət nəyinsə üstünü örtmüş kimi görünsün. Ki, hər dəfə oyundan sonra meydança amilini qabardırlar. Özüm-özümü təkrarlamaq istəmirəm. Üst pillələrdə olan komandalar üçün bu cür meydanda çıxış etmək çətindir. Oyunçular 100 faizini meydanda qoya bilmir. "Turan Tovuz" futbolçuları heç bir epizodda çəkinmirdi, döyüşürdü. Onlar ən yaxşısını etməyə çalışırdı. Onların oyunu haqda danışmaq istəmirəm. Rəqibi təbrik edirəm. Amma bizim kimi komandalar üçün bu cür meydanda oynamaq çətinlik yaradır. Lakin bu, hesabın üzrxahlığı deyil.