"Bilirik ki, bundan da yaxşısını edə bilərik" - Yuri Matias » Pressing.Az
"Bilirik ki, bundan da yaxşısını edə bilərik" - Yuri Matias
Müsahibə 14-12-2023, 13:30

“Neftçi” klubunun futbolçusu Yuri Matiasın mətbuat konfransı keçirilib.

Pressing.az
xəbər verir ki, müdafiəçi jurnalistlərin suallarını cavablandırıb.

- "Neftçi"də çox qol vurmusuz. Komanda yoldaşlarınıza nə məsləhət görərdiz ki, onlar da qol vursun?

- Müdafiəçi olaraq çalışıram ki, öz işimi yaxşı tərəfdən görüm. Qol vurmaq imkanım da olanda, bundan yararlanıram. Komanda yoldaşlarıma da heç bir məsləhət verə bilmərəm. İstəyim odur ki, onların da qol epizodu yarananda, bunu qola çevirsinlər.

- "Qarabağ"dan 10 xal geri qalırsız. "Neftçi" bu mövsüm çempion olmaq üçün nə etməlidir?

- Bəli, hazırda "Qarabağ"la xal fərqi böyükdür. Biz də dərk edirik. Neftçi" üçüncü pillədə olmağa layiq komanda deyil. Nəyə qadir olduğumuzu bilirik. Sadəcə hazırkı vəziyyətə görə aramızda belə fərq yaranıb. Azarkeşlərimizin narazılığını normal qarşılayıram. "Neftçi"də yeni heyət qurulub, yeni baş məşqçi, yeni futbolçular var. Elə də asan proses, asan məsələ deyil. Biz bunu dərk edirik. Amma bilirik ki, bundan da yaxşısını edə bilərik. Gələcəkdə azarkeşlərimizi daha çox sevindirə bilərik.

- Mətbuatda adınız "Qarabağ"la hallanırdı. Başqa kluba keçmək planınız var, yoxsa "Neftçi" çempion olmamış bu komandanı tərk etmək istəmirsiz?

- Karyeram boyu hansısa klubda oynamışamsa, ən azı 3-4 il orada qalmışam. Həmin klub üçün mübarizə aparmışam. "Neftçi"yə gələndən bəri həm klub, həm komanda yoldaşlarım, həm azarkeşlər məni yaxşı qarşıladılar. Bu da mənə əlavə motivasiya verir, əzmkar çalışmağa kömək edir. Ümid edirəm ki, "Neftçi" üçün mübarizə apararaq böyük nailiyyətlər əldə edəcəm.

- "Neftçi"də 9 sarı vərəqə və bir qırmızı vərəqə. Sizcə, bu çox deyil?

- Düz deyirsiz, normal deyil. Məncə də, çoxdur. Amma bu günə kimi hansısa liqada oynadıqda, reallıq o idi ki, hakimlə aramızda dialoq olurdu. Bura gəldikdən bəri belə deyil, əksini görürəm. Kartların çoxu cərimələrə görə deyil, danışığa görədir. Çempionata adaptasiya olmağa, özümü səbirli, təmkinli aparmağa çalışıram.

- Misli Premyer Liqasında səni başqa nə təəccübləndirir?

- Çempionatda mübarizə aparan hansısa komanda yuxarıda gedənlərdən xal ala bilər. Hər komanda meydana qələbə üçün çıxır. İstənilən nəticəni gözləmək olar.

- "Neftçi" azarkeşləri üçün "Qarabağ"la oyunun əhəmiyyəti başqadır. Azarkeşlərə bu prinsipial oyunda müdafiəçi olsanız belə, qol sözü verirsiz?

- Həm klub, həm azarkeşlər üçün bu oyununu əhəmiyyətli olduğunu bilirəm. Bir dəfə "Qarabağ"a qarşı oynamışıq. Çox maraqlı oyundur. Hər bir futbolçu güclü rəqibə qarşı oynayıb, maraqlı görüşdə iştirak etmək istəyər. Bilirik ki, çətin matçdır. Buna baxmayaraq, heç kimdən çəkinmirik. Çalışacağıq ki, "Qarabağ"la matçda da yaxşı oyun göstərib, qalib gələk. Müdafiəçi olaraq, hər oyunda qol vurmaq sözü vermək çətindir. Söz verə bilmərəm. Amma onu deyə bilərəm ki, ən yaxşısını edəcəm, meydanda canımı qoyacam ki, qalib gələk.

- "Qarabağ" haqda nə düşünürsüz?

- Çalışacam ki, bu suala vicdanlı, səmimi cavab verim. İstəyirəm ki, "Qarabağ" bu gün qələbə qazansın. Çünki bu qələbə bütün ölkə üçün böyük əhəmiyyət kəsb edir. Çox yaxşı heyətə malik komandadır. Baxmayaraq ki, Avroliqada mübarizə aparırlar. "Qarabağ" iki eyni heyətə malikdir.

- "Traktor"un formasını geyinmisiz. Orada cəmi bir oyuna çıxsanız da, qalib gəlmisiz. Bu klubla "Neftçi"nin oxşar cəhətləri var? Sizcə, "Traktor" Azərbaycan çempionatında mübarizə aparsaydı, neçənci pillədə olardı?

- "Traktor"da cəmi 4 oyunun iştirakçısı olmuşam, ikisində meydana çıxmışdım. Ondan sonra çempionat dayandırıldı. Çünki koronavirus var idi. Bir ay oteldə qaldım, məşq edə bilmədim. Klubdan xahiş etdim ki, məni evə buraxsınlar, gedim ailəmin yanına. Vəziyyətin neçə müddət belə davam edəcəyi bilinmirdi. Çempionatın nə vaxt başlayacağı bilinmirdi deyə, Braziliyada qaldım və sonradan "Traktor"la yollarımız ayrıldı. Qısa müddət olsa da, İranda yaşamaq, orada oynamaq mənim üçün böyük təcrübə idi. Yeni mədəniyyətlə tanış oldum. İnsanların bənzərlikləri çoxdur. "Traktor"un yaxşı azarkeşləri var. Burada da yaxşı azarkeşlər gördüm. Təkcə "Traktor" yox, İranda güclü klublar var və Azərbaycanda çıxış etsələr, çempionluq uğrunda mübarizə apararlar.