Mutu: "Mənim yerimdə olsanız..." » Pressing.Az
Mutu: "Mənim yerimdə olsanız..."
Azərbaycan Futbolu 3-12-2023, 20:47

Azərbaycan Premyer Liqasının XV turunun "Neftçi" - "Zirə" oyunundan (1:0) sonra "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistlərin suallarını cavablandırıb.

Pressing.az
xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi...

- Çətin oyun oldu. "Zirə" yaxşı təşkilatlanmış komandadır. Birinci hissədə bərabərsəviyyəli oyun keçdi, fasilədən sonra daha yaxşı oynadıq. Futbolçularımın meydandakı davranışından, oyuna yanaşmasından razıyam, onlara təşəkkür edirəm. Sona qədər döyüşdülər. Sonradan oyuna daxil olanlar da özlərini yaxşı tərəfdən göstərə bildilər. Bu, məni sevindirir.

- Özünüz də hücumçu olmusuz. Komandanın bombardiri müdafiəçidir, Yuri Matias. Hücumçular isə qol vura bilmir. Lukas Melano, Andre Şinyaşiki və Aaron Olanare "Neftçi"ni irəliyə aparacaq hücumçulardır?
- Səmimi desəm, onların meydandakı davranışları məni qane edir. Düzdür, qol vurmamaqları narazılıq yaradır. Hər məşqçi istəyər ki, hücumçuları qol vursun. Onların məhsuldarlığının artması komandaya da faydalı olacaq.

- Mark Tamaş və Kenni Sayef əsas heyət üzvləri idi. Onlar niyə oynamır?

- İndiyə qədər bütün oyunçulara şans vermişəm. Heyəti seçəndə məşqlərdə özlərini daha yaxşı göstərənlərə üstünlük verirəm. Tamaş və Sayef də yaxşı məşq edir, bizim oyunçularımızdır. Lakin bu gün seçimim fərqli oldu. Rəhman Hacıyev sonradan oyuna daxil olsa da, yenə qol vurdu. Nə qədər oynamağın fərqi yoxdur, əsas olan komandaya kömək etməkdir. Biz bir komandayıq və hər oyunçu maksimumunu verməlidir. Komanda şəklində bir olsaq, hər oyunda qələbə qazana bilərik. Bu gün də belə oldu.

- Qış transfer dönəmində komandanı tərk edəcək oyunçuları dəqiqləşdirmisiz?

- Bu suala keçən həftə oyundan sonra konfransda cavab vermişəm. Təhlillər aparırıq, qış fasiləsinə hələ vaxt var.

- Oyunda fanatların narazılığı var idi. Bu, komandaya müsbət təsir edir, ya mənfi?

- Azarkeşlər orada necə istəyirlər, davrana bilərlər. Hər birimiz bilirik ki, biz daha çoxunu verə bilərik. Ona görə onlar narazılıqda haqlıdırlar.

- Digər qapıçıların yoxluğunda Rza Cəfərova şans verirsiz. İvan Brkiç sağaldıqdan sonra da gənc qolkiper oynayacaq?

- Futbol elədir ki, şans gələndə, düzgün yararlanmaq lazımdır. Hazırda Rza ona verilən şansdan maksimum yararlanır. Növbəti görüşlərdə qapıda kimin olacağını deyə bilmərəm.

- Rəhman Hacıyev meydana sonradan daxil olub, vacib qollar vurur. Belə çıxır ki, onu "coker" kimi meydana buraxmaq xeyirlidir?

- Oyuna əvvəldən başlayanda da ondan razı qalırdım. "Sabah"la matçda qolu var idi. Beş qol vurub və ən məhsuldar oyunçumuzdur. Əsas məsələ "Neftçi"nin yaxşı nəticə qazanmasıdır. Hər futbolçu bunun üçün çalışmalıdır. Oyunçuları əsas və ehtiyat oyunçu kimi ayırmıram. Hamısı mənim üçün eynidir. Futbolçu olanda da belə yanaşma görməmişəm. görməmişəm.

- Qoldan sonra futbolçularınız sanki vaxt aparırdı...

- Düşünmürəm ki, siz dediyinzi kimi futbolçularım vaxt itirirdilər. Sadəcə onlar həmin dəqiqəni daha yaxşı idarə edirdilər. Bununla bağlı yaxşı təcrübəmiz var. Bu, futbolçuların özünün "bicliyi" idi. "Araz-Naxçıvan"la oyunda düzgün nəzarət etsəydilər, üç xal qazanardıq. "Sabah"la matçda da həmçinin bir xal qazanardıq. Artıq futbolçularım öyrənir ki, dəqiqəni necə idarə etmək lazımdır.

- Eddi İsrafilov intizamsız futbolçudur. Bunu aradan qaldırmaq üçün tədbirlər görürsüz?

- İstəkli futbolçudur, hər fərdi dueldə istəyir ki, qalib gəlsin. Ola bilsin, bəzən tələskənlik edir. Vərəqələrdən ehtiyatlı olmalıdır. Çünki komandaya zərər vura bilər. Eyni zamanda onun mövqeyində oynayanların aqresiv olmasını xoşlayıram. Müsbət mənada aqressivlik... Eddi uzun müddət zədəli olduqdan sonra yeni qayıdıb və çalışır. Formaya düşmək üçün daha çox oyuna ehtiyacı var.

- Əgər heyət stabil olarsa, nəticələr özü gəlir. Ancaq düşünmürəm ki, "Neftçi"də stabil heyət var. Sizcə, nailiyyətin açarı stabil heyətdir?

- Nəticələrdə davamlılıq olsa, ilk "11-lik"də stabillik olacaq. Mənim yerimdə olsanız, qələbə qazanmasanız, dəyişiklik etməzsiniz? Keçən oyundan fərqli olaraq iki dəyişiklik edildi. Adaptasiyam artıq bitir. Futbolçular da necə davranmalı olduqlarını bilməlidir. Bəzi oyunlara baxsaq, bəxtsizliklə qarşılaşmışıq. Bu komandanın potensialını bilirəm. Hücumçular geridədirlər. "Zenit"lə oyunda qalib gəldikdən sonra baxırsan ki, "Sumqayıt"a uduzursan. Bu, narahat edən məqamdır. Bu haqda oyunçularla danışıram. Burada açıqlamayacam. Nəticələrdə davamlılıq olmalıdır. Oyunçuların köməyi ilə bunun öhdəsindən gələcəyik.

- Emin Mahmudov ötən mövsüm daha yaxşı idi. İndi də millidə məhsuldarlığı yüksəkdir, amma "Neftçi"də fərqlidir. Bu, nədən irəli gəlir?

- Bütün məsuliyyəti Eminin üzərinə atmayaq. Ən yaxşı milli oyunçumuzdur. Hamı onun üzərində böyük təzyiq yaradır ki, Emin xüsusi nəsə etməlidir. Hər şeyi onun üzərinə atmaq ədalətli olmaz. Çünki komandada oynayan təkcə o deyil. Məşqlərə yanaşması, davranışı çox peşəkar səviyyədədir. Çox motivasiyalıdır. Sizə əminliklə deyə bilərəm ki, komandada hamıdan çox o qol vurmaq istəyir. Kapitandır, komandaya faydalı olmağı düşünür. Ümid edirəm ki, növbəti oyunlarda istəyinə çatacaq. Bəlkə, bizim də hansısa səhvlərimiz olur ki, topu ona düzgün çatdırmırıq.