Roman Qriqorçuk: "Komandada elə məsələlər var ki, çərçivədən çıxmamalıdır" – MÜSAHİBƏ » Pressing.Az
Roman Qriqorçuk: "Komandada elə məsələlər var ki, çərçivədən çıxmamalıdır" – MÜSAHİBƏ
Müsahibə / Azərbaycan Futbolu 5-09-2024, 13:16

"Neftçi"nin baş məşqçisi Roman Qriqorçukun Sport24.az saytına müsahibəsini təqdim edirik:

- Qələbələr sıralananda danışmaq asandı. Ancaq indiki vəziyyətdə özünüzdə cəsarət tapıb müsahibəyə razılıq verdiyiniz üçün sizə təşəkkürümü bildirirəm...

- 5 tur sonra ətrafımızda doğan reaksiyadan agaham. Burda yaxşı məqam, pozitivlik azdı. Fanatlarımız qarşısında arzu etmədiyimiz vəziyyətdəyik. Azarkeşlər haqlı olaraq bizdən narazıdı. Onların gözləntiləri fərqlidi. Yaxşı başa düşürəm ki, komanda keçirdiyi 5 oyunda qalib gələ bilmirsə, bu heç də ürəkaçan vəziyyət deyil. Barəmdə yerli mətbuatda yazılanları oxumamışam, amma mənə bu barədə tez-tez deyirlər. Düşünürəm ki, düşdüyümüz hazırkı vəziyyətlə bağlı izahat vermək lazımdı. Bunu da etməyə çalışacam.

- Xeyli vaxtdı Bakıda olmamısız, şəhərimiz çoxmu dəyişib?

- Bakı əvvələr də məni heyran edirdi, indi daha da gözəlləşib. Şəhəriniz dayanmadan inkişaf edir, təmir-tikinti işləri gedir, paytaxtınızda böyük gözəl binalar var. İnkişafınıza görə adınıza sevinirəm.

- Türkiyə toplanışında komandanız pozitiv nəticələrə imza atdı. Bəs futbolçularınızdan necə, pozitiv siqnallar almışdınızmı?

- Futbolda belə siqnalları öncədən görmək asan deyil. Toplanışda üzərimizdə çalışır, böyük iş görürdük. Oyunlar keçirib bir qədər tərəqqiyə nail olduq. Hərçənd toplanış zamanı keçirdiyimiz matçlardakı nəticələri qabartmağı xoşlamıram. Buna rəğmən, pozitiv nəticələr qazanmışdıq. Amma mən pozitiv siqnallar barədə düşünməmişəm, hər günümlə yaşayan biriyəm. Biz işləyir, hər şeyi analiz edir və növbəti gün daha yaxşı çıxış etmək üçün çalışırıq. Amma toplanış keçərkən ölkə çempionatındakı oyunları necə keçirəcəyimizi öncədən bilmək olmazdı.

"Neftçi" futbolda öz fəlsəfəsini yaratmaq istəyir"

- Çempionatda 5 tur arxada qalıb. Statistik göstəricidə "Neftçi"də yeganə sabitlik qələbə qrafasında mövsümöncəsi rəqəmin dəyişməz qalmasıdır. Belə start gözləyirdiniz?

- Yuxarıda qeyd etdiyim kimi, hər günün öz hökmü var. İstəməzdik belə başlayaq. Ancaq bütün gücümüzü sabahın uğurlu olması üçün səfərbər etməliyik.

- Daha bir maraqlı statistikanız diqqətimi çəkir. "Qəbələ"də də startınız ürəkaçan olmamışdı. Onda rəhbərliyiniz altında "qırmızı-qaralar" 4 qarşılaşmanızdan sonra aktivinə 3 xal yazdırmışdı. İndi də bənzər vəziyyətdir. Bu "alın yazısı" yoxsa vizit kartınızdı?

- (gülür)Səmimi deyim ki, bu göstəricimi xatırlamıram. Amma sizə inanıram. Təbii ki, bu göstəricinin "vizit kartım" və ya mənə məxsus nəsə olmasını heç istəməzdim. Bunun yaxşı bir şey olmadığı qənaətindəyəm.

- Azərbaycanda olmadığınız 6 ildə çempionatımız çoxmu dəyişib?

- Əvvəlki illərlə müqayisədən və dəyişiklərdən söz açmaq istəməzdim. Hazırkı vəziyyəti və nələr hiss etdiyim barədə danışmaq istərdim. Bütün komandalar yaxşıdı, hər biri özəl xüsusiyyətini göstərməyə çalışır. Qısaca desəm, çempionat ürəkaçandı, qələbə əldə etmək asan deyil, yetəri qədər rəqabətin olduğu Premyer Liqanız var.

- Ötənilki "Neftçi"dən əsər-əlamət qalmayıb. Ancaq yenilənmiş "Neftçi"nin də dəst-xəttini görə bilmirik. Yaranmış vəziyyəti domino daşlarından hazırlanmış evə bənzədirəm. Aşağıdakı daş çəkilib və ev uçub. İndi Ukraynadan dağılmış evlərin restavrasiyası üzrə mütəxəssis dəvət ediblər ki, 2012-ci ildəki əzəmətli binanı ortaya qoysun. Bacaracaqsız?

- Geniş cavab verim. "Neftçi" rəhbərliyi ilə hərtərəfli müzakirələrimiz oldu. Klubun tarixiylə bağlı çox danışdıq. Bu klubun iddiası, böyük hədəflər və məqsədlərlə yeni zirvələri fəth etməyə doğru addımlamaq kimi məqsədləri var. Bir daha qeyd edirəm, hara gəldiyimi, "Neftçi"nin Azərbaycan futbolundakı çəkisini saçlarımın ucunadək dərk edirəm. Klub rəhbərliyi "Neftçi"ni yeni və yüksək səviyyəyə qaldırılmaqda maraqlıdır. Bu prosses gedir, mən bunu görür və hiss edirəm. Mənim üçün əsas vacib mövzulardan ikincisi ümumi futboldan və inkişafdan danışmağımız oldu.

"Nefçi" futbolda öz fəlsəfəsini yaratmaq istəyir. Bu sadəcə, gurultulu sözlər yox, mənim üçün böyük maraqdı. "Ağ-qaralar"ın futbol fəlsəfəsi kreativ hücumların təşkil edilməsi, meydanda dominantlıq sərgilənməsi, diqqətlə, məharətlə topa nəzarət edilməsi, rəqibə qarşı maksimum təzyiq göstərilməsi, kəskin hücumlara üstünlük verməkdən ibarətdi. Həm mən, həm də rəhbərlik "Neftçi"nin gələcəkdə formalaşdırmalı olan futbol fəlsəfədində nöqtəni bir yerə vura bildik. Siz məndən baxımlı futbolla bağlı soruşursuz. Mən isə sizə səmimi deyirəm ki, hazırda meydanda sadaladığımız kreativ futbol oyunumuz yoxdu. Nə mən, nə siz, nə azarkeşlər yaradıcı oyunu görür. Özümə bəraət qazandırmaq istəmirəm ha! Amma yuxarıda sadaladığım futbol fəlsəfəsini formalaşdırmaq asan deyil və qısa müddətin də işi deyil. Kreativ stildə futbol üçün çox işlər görülməlidi. Bunun üçün öncə klubda hazırlıqlı adamlar olmalıdır. Bundan sonra futbolçular yüksək hazırlıq səviyyəsinə çatmalıdı. Futbolçular fiziki güclü, startda partlayıcı sürətə malik və yüksək ustalıq səviyyəsinə malik olmalıdılar. Növbəti mərhələ isə seleksiya fəaliyyətinin düzgün olmasıdır. Biz etdiyimiz transferlər yuxarıda dediyim hədəflərin parametrlərinə uyğunlaşır. Başqa cür də ola bilməz. Sərgiləyəcəyimiz futbol stilinə uyğun oyunçuları seçmişik və seçməkdəyik. Bu iş gedir, rəhbərliyə də bu sahədə əlindən gələni etdiyi üçün təşəkkür edirəm. Amma deməliyəm ki, fəaliyyətimiz yeni başlayır. Transfer siyasətimiz davam edəcək. Seleksiya işi bir günlük deyil. Bu daimi və total fəaliyyətdi. Komandamızda daim rəqabətin olması üçün seleksiyamız hər zaman işlək olmalıdı. Obyektiv olub deməliyəm ki, görüləcək çox işlər olsa da, ilkin addımları atmışıq.

- Sizi anlayıram. Qışa qədər "Neftçi"də danışdığınız prototipləri görəcəyikmi?

- Rəhbərliklə ilk söhbətimizdə onlar da məndən "Neftçi"nin kreativ, dominantlıq edən futbolu nə vaxt görəcəyik" deyə soruşmuşdu. Məndən olsa, çox istəyərdim ki, bu dünən gerçəkləşsin (gülür). Amma bu məsələdə tapmaca tapmaq, ehtimal irəli sürmək olmur. Əlbəttə ki, qısa zamanda buna nail olmaq istərdik. Amma emosional analizlərdən uzaq olmalıyıq. Proqnoz verə bilərəm ki, dediyim üslubun işartılarını 2 hazırlıqdan - qış və yay, yaxud da yay və qış - sonra görmək mümkün olur. Səmimi deyim ki, qələbə qazanmadığıma görə çox narahatam. Həmçinin azarkeşlərin də bizdən istəklərini yaxşı bilirəm, buna görə də özümü hardasa günahkar hesab edirəm. "Şamaxı" ilə oyunda gördüklərim nikbinliyimi artırır. Düşünürəm ki, bizə daha yaxşı çıxış etməyimiz üçün müəyyən vaxt lazımdı. Hazırkı vəziyyətdə müdafiədə oturmaq, hər xal uğrunda döyüşmək, necəsə məğlub olmamaq üçün nələrsə etmək və s. mənə heç maraqlı deyil. Mənim oynadacağım futbol ilə klub rəhbərliyinin məqsədləri üst-üstə düşür. Rəhbərliyin və mənim görmək istədiyi futbola necə çatmalı olduğumuzu bilirəm.

"Biz barıtı yalnız bir atımlıq yox, daim atəş açan komanda olmaq istəyirik"

- "Qəbələ"də Dabo var idi, indi də "Neftçi"də Darbo var. Dabo yıxar yoxsa Darbo?

- Dabo soyadını eşidəndə avrokubok çərçivəsində İngiltərəyə yollananda Dabonun hava limanında çəkdiryimiz şəkil gözümdə canlanır. Şəkildə Dabo əlində sendviç yeyən yerdə düşmüşdü (gülür). Təbii ki, Dabo çox sevdiyim, yaxşı futbolçudu. Onun "Qəbələ" üçün etdiklərini həmişə xatırlayır və qiymətləndirirəm. Dabo ilə Darbonu müqayisə etsək, ikincinin sevgisi ayrıdı. Darboya gəlincə, onunla xüsusi mehriban münasibətimiz var. O, "Soliqorsk"a gələndə gənc idi. Rəhbərliyim altlnda yaxşı çıxış etdi və 20-yə yaxın qol vurdu. Ümid edirəm ki, Darbo "Neftçi"də "Soliqorsk"dakından daha yaxşı performans sərgiləməklə köməkçilərimdən biri olacaq. Olduqca intizamlı uşaqdı.

- İstədiyiniz və yaxşı tanıdığınız hücumçuya da qovuşdunuz. İstədiyiniz komandanı formalaşdırmaq üçün ən azı qışadək bu transferlər yetərlidir yoxsa qəlbinizin dərinliyində yenə hansısa mövqeyi gücləndirmək istəyi var?

- Məndən olsa daha çox futbolçu götürmək istərdim. Amma reallıqları, qayda və səviyyəni nəzərə almalıyıq. Oynamaq istədiyimiz futbol və qarşımıza qoyduğumuz məqsədə çatmaq üçün futbolçu seçirik. Biz barıtı yalnız bir atımlıq yox, daim atəş açan komanda olmaq istəyirik. İddiamızı nəzərə alsaq, hücumçularla güclənməliyik. İrəlidə bir hücumçu iki vingerlə oynadılırsa, biz 2 forvard və 4 vingerə sahib olmalıyıq. Əgər 2 hücumçu və 2 vinger sxemindən istifadə edilirsə, hücumda da, cinahda da 4 oyunçuya zərurət var. Hesab edirəm ki, burda heç bir şişirtmə yoxdur. Çətinliklər qısa müddətə aradan qaldırılmır, hər şeyin də bəlli məsrəfi var. Tutduğumuz yolda və arzuladığımız uğura zamanla nail olacağıq.

- Dayaq yarımmüdafiəçisi mövqeyi şəxsən mənə görə ən zəif halqanızdı. Fikrimcə, Kuç ciddi nəticələr əldə etmək üçün uyğun persona deyil. Emil Səfərova isə tələb olunan səviyyədə oynamaq üçün yəqin ki, 1 mövsüm gərəkdi.

- Biz dayaq yarımmüdafiəsi mövqeyində bir neçə variantlardan istifadə etmək istəyirik. Futbolçuları kəskin tənqid etmək istəmirəm. Potensial olaraq orta səhədə oynayacaq futbolçuların hər birinin üzərlərində işləyib tərəqqiyə nail olub, istədiyimizi verəcəklərinə inanıram.

- Total futbol fəlsəfəniz sürətli oyun nəzərdə tutur. Yuxarıda adını çəkdiyim Kuç, habelə Emin Mahmudov ilə Filip Ozobiçin birlikdə 96 yaşı var, ortalama 32. Bu yaşda yüksək temp gözləmək..?

- Yaş baxımından sizinlə razılaşıram. Ancaq biz futbolçunun pasportuna baxmırıq. Bizim futbola baxışımız və tələbimiz sadədi. Oyunçulara meydanda hansı hərəkətləri, taktiki, texniki gedişatlar etmələrini aydın çatdırırıq. Yaşından asılı olmayaraq futbolçular tələblərimizi, onlardan gözləntiləri yerinə yetirirsə bizim üçün kifayətdi və yaş faktoru önəm kəsb etmir.

- Bir xoşagəlməz məqama da toxunmaq istəyərdim. "Araz-Naxçıvan"la matçdan sonrakı mətbuat konfransında gənc həmkarım Daşqın Əziz kapitan Emin Mahmudov və vitse-kapitan Rəhman Hacıyev meydana çıxdıqdan sonra da bazubəndin Ramil Şeydayevdə qalmasının kapitanlarınızın dəyişməsi ilə əlaqədar olub-olmamasına dair sual ünvanladı. Cavabınızın "işinizə hörmətlə yanaşıram. Ancaq müəyyən çərçivələr var ki, bizim daxili işimizdir. Bu suallara qarışmayın" səslənməsində kobudluq çalarları sezilir. Əlbəttə, iş işdi, ancaq xüsusi vurğulamaq istəyirəm ki, bu müxbir hər bir azərbaycanlının baş Tacıdır - Qarabağın, Şuşanın qayıtması uğrunda döyüşdə iştirak edib, yaralanıb, ancaq sonadək döyüşüb. Bilirəm ki, mövcud vəziyyətdə müharibə iştirakçısı mövzusu sizin üçün də xüsusi önəm kəsb edir...

- Mən ümumiyyətlə insanlara, o cümlədən media nümayəndələrinə hörmət edirəm. Futbol elə bir sahədir ki, orda bir-iki nəfərlə iş getmir. Futbolun inkişafı həm futbolçuların, həm məşqçilərin, həm də jurnalistlərin fəaliyyətiylə sıx bağlıdı. Adını çəkdiyiniz həmkarınız Daşqına hörmətsizlik etmək, sualına cavab verməmək və s. bu kimi qeyri-etik davranmaq kimi məqsədim olmayıb. Sadəcə, komandada elə məsələlər var ki, çərçivədən çıxmamalıdır. Hər şeyi də danışmaq, demək, cavablandırmaq olmur. Durub paltardəyişmə otağında, məşq prossesindəki olaylar, futbolçularla fərdi söhbət və s. bu kimi məsələləri danışmaq olmaz.

- Ümumiyyətlə, yeni kapitanlar seçilib?

- Bu məsələdə hər hansı dəyişiklik yoxdu. Zatən olsa da, bundan hamı xəbər tutacaq. Odur ki, kapitanımız kapitanlığında qalır.

- "Andrey Ştoqrini mən tövsiyə etmişəm" deyən Roman Qriqorçuk "Çernomorets"dəki yetirməsinin "Neftçi"dəki çıxışı barədə nə düşünür?

- Bu futbolçunu "Neftçi"yə mən təklif edib gətirmişəm. Bu, ümid bağladığım, ehtiyac duyduğum, etibarlı, hücumda və müdafiədə müxtəlif taktiki elementləri yaxşı icra edən oyunçudu. Təbii ki, onun hazırkı çıxışından, əsasən hücumdakı oyunundan razı deyiləm. O, nə məhsuldar ötütmə verib, nə də qol vurub. Amma Andrey müdafiədə ciddi işlər görür. Təəssüf ki, hücumda istədiyimi ondan hələ ki ala bilmirəm. Buna rəğmən, Andreyin adaptasiya prossesini keçib, gözlədiyimiz səviyyəyə gələcəyinə və hücumda daha kreativ çıxış edəcəyinə inanırıq.

- Qış fasiləsinə qədər transferlər gözlənilirmi? Çünki mediamızda danışılır ki, "Neftçi" daha iki transfer edəcək...

- Məndən olsa daha 4 futbolçu istəyərəm (gülür). Məsələlərə real yanaşmaq lazımdı. Seleksiya və transferlə bağlı işlər gedir. Biz yuxarıda bu barədə danışdıq. Məqsədlərimizə, strategiyamıza əl verən futbolçularla güclənəcəyik. Transfer xətrinə oyunçu almayacağıq. Qiymətlər də qalxır. Transfer dəyərləri bir milyon və daha çoxdu.

- Emil Mustafayevlə bağlı məsələ nə yerdədi?

- Mən o futbolçunu tanıyıram. Ümumi söhbətlərimiz olmuşdu. Amma media üçün deyəcək elə də ciddi nəsə yoxdu.

- Kaşukla danışıq aparırdız?

- Bir çox oyunçularla, o cümlədən Kaşukla da maraqlanırdıq. Amma o, hazırda başqa komandadı və bu barədə danışmağa ehtiyac qalmır.

- "Neftçi" azarkeşləri ilə kommunikasiya da son sırada dayanan məsələlərdən deyil. Onlara deyiləsi xüsusi bir sözləriniz varsa, buyurun, tribuna sizdədi...

- Öncəliklə onlara təşəkkür edirəm. Barəmdə hər hansı şüarlar səsləndirsələr də yenə sağ olsunlar. Biz azarkeşlər üçün futbol oynayırıq. Mən onlara hörmətimi bildirir və demək istəyirəm ki, qələbə qazana bilməməyimizə görə mən də çox, lap çox məyusam. Amma onları inandırmaq istəyirəm ki, toparlanacağıq və çoxsaylı qələbə bəxş edəcəyik. Bunu onlar kimi mən də səbirsizliklə gözləyirəm.

- Afina Hava Limanı. Bakı vaxtı ilə saat səhər 04:45-i göstərir. "Panatinaikos"la evdəki qolsuz bərabərliyin cavab matçında 2:2 oynadınız və "Qəbələ" Avropa Liqasının qrupuna vəsiqə qazandı. Eksklüziv müsahibə üçün sizə yaxınlaşdıqda, "təyyarə qalxsın, söhbət edərik" cavabını verdiniz. Və idman mediamızda geniş rezonans doğuran "Qriqorçukla göydə müsahibə" başlıqlı söhbətimiz Afina səmasında baş tutmuşdu. Sual belədi: Qriqorçuk "Neftçi"ni də "göyün yeddinci qatı"na qaldıra biləcək?

- (Qəhərlənir, sanki çox uzaqlara baxmaqla həmin anlara qayıdır) Sualdan tüklərim biz-biz oldu. "Neftçi"ni yüksək səviyyəyə qaldırmaq üçün mən nələrə hazır olduğumu heç kim təsəvvür etmir. Odur ki, "ağ-qaralar"ı zirvələrə daşımaq üçün əlimdən gələn hər şeyi edəcəm. Buna heç kimin şübhəsi olmasın!

- Sizə maraqlı bir faktı deyim. Həmin müsahibə məhz düz 9 il öncə, 2015-in avqustunun 28-dən 29-una keçən gecə götürülüb. Texniki səbəbdən baş tutmayan müsahibimiz də axı 5 gün əvvələ məhz 29 avqusta təsadüf etməli idi... Həmin tarixdə düz 1 il sonra "Neftçi" avrokubokda cavab pley-off matçına çıxa bilər. Və bu mərhələ adlansa, "Qriqorçukla 10 il sonra" başlıqlı eksklüziv müsahibə sizin boynunuzda?!

- Səmada da olar (gülür). Təbii ki, təyyarə salonunu nəzərdə tuturam. Kaş həmin anları yaşayaq, müsahibə mənim boynuma!