"Çalışacağıq ki, Ukraynadan ən azından 1 xal götürək" » Pressing.Az
"Çalışacağıq ki, Ukraynadan ən azından 1 xal götürək" MÜSAHİBƏ
Azərbaycan Futbolu 20-11-2023, 18:03

Azərbaycanın U-21 milli komandasının müdafiəçisi ABdulla Rzayev Latviya ilə yoldaşlıpq oyunundan sonra Pressing.az saytının suallarını cavablandırıb:

- Latviya ilə yoxlama matçının Ukrayna ilə rəsmi oyunöncəsi hansı faydası oldu?

- Bizi Ukraynaya qarşı çətin oyun gözləyir. Latviya yaxşı hazırlıqlı komandadı. Qrupda 7 xalı var, İtaliya ilə heç-heçə edib, Türkiyəni udan rəqibdi. Onları da təhlil etmişdik. Ukrayna ilə matçdan əvvəl istədik ki, yaxşı komanda ilə qarşılaşaq, qalib gəlib səfərdə daha yaxşı əhval-ruhiyyədə gedək. Çətin oyun alındı. Onsuz da asan oyun yoxdu, hər rəqib güclüdü. Qol epizodlarımız oldu, birindən istifadə edə bildik. Bilirik ki, Ukrayna İngiltərəni də məğlub edib, xal itirməyib. Çalışacağıq ki, onlardan ən azından 1 xal götürək. Çünki qrup lideridi. Amma biz də yaxşı hazırlaşmışıq. Latviya üzərində qələbədən sonra daha yaxşı motivasiyamız var. Ən yaxşısını etməyə çalışacağıq.

- Rəqibinizin çox güclü olması sizi narahat etmir ki? O mənada ki, arzuolunmaz nəticədən ehtiyatlanmırısınız? Çünki dediyin kimi, Ukrayna İngiltərə kimi güclü yığmanı məğlub edə bilib...

- Futbolda hər nəticə qeydə alına bilər. Bəli, Ukrayna çox güclüdü, onları təhlil etmişik. Əks-hücumlara da çox yaxşı çıxırlar. Futbolçuları yaxşı klublarda oynayır. Əlimizdən gələni edəcəyik ki, liderdən səfərdə xal götürək. Asan sınaq olmur. Baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışacağıq.

- Latviya ilə oyunun kobud məcrada keçməsi nəticəsində 2 sol cinah müdafiəçiniz zədələnərək əvəzlənməli oldu...

- Futboldu, zədə qaçılmazdı. Bizdən də, rəqibdən də zədələnənlərin olması normaldı. Ümumiyyətlə, futbolda aqressivlik normal bir şeydi. Rəqib də uduzmaq istəmir. Birəbir mübarizəni uduzanda, futbolçu daha çox aqressiv olur.

- Ukrayna ilə görüşdə müdafiənin sol cinahında boşluq olsa, orda oynamağa hazırsan?

- Baş məşqçi harda desə, orada oynamağa hazıram. Mənə sağ cinah daha rahatdı. Amma solda oyunçu olmasa, baş məşqçi ora məni qoysa, oynayacam.

- U-21 yığmamızda sən də daxil olmaqla, cəmi 2-3 futbolçu var ki, Premyer Liqada daim oynayır. Digərləri isə yalnız Əvəzedici və I Liqada çıxış edirlər. U-21-də bu boşluğu hiss edirsiniz?

- Sözsüz ki, hamı Premyer Liqada oynasa, daha yaxşı olardı. Çünki bu zaman seçim geniş olardı. Birinci Liqayla Premyer Liqa arasında fərq çoxdu. Orda oynadıqdan sonra Ukrayna önünə çıxmaq çətinlik yaradır. Allah qoysa, uşaqların hamısı Premyer Liqada oynayar. U-21-nin üzvlərinin hamısı perspektivlidi. Şans qazanarlar və ondan da istifadə edərlər.

- Bir az da klubun haqda danışaq. "Araz Naxçıvan" nağılı bitir, yoxsa necə? Ardıcıl iki məğlubiyyətdən sonra tənqidlər başlayıb...

- Futbolda tənqid də edəcəklər, tərif də deyəcəklər. Öz işimiz var, baş məşqçinin dediklərini edirik. Təbii ki, biz də uduzmaq istəmirik. "Qarabağ" kimi komandanı udduq, sonra "Sumqayıt "və "Kəpəz"ə uduzduq. Onlar da pis komanda deyil. Çalışacağıq ki, məğlubiyyətləri qələbələrlə unutduraq.

- "Qarabağ" qələbəsi sizdə eyforiya yaratdı?

- Xeyr, belə deyil. Hər oyuna qələbə üçün çıxırıq. Səhvlərimiz üzərində çox işləməliyik ki, daha yaxşı nəticələr əldə edək. İki oyunda uduzmuşuq. Gələn turda qalib gəlmək istəyirik.

- "Kəpəz"də oynamısan və üstəlik, bu komanda hazırda autsayderdi. Onlara uduzmaq sənə çox pis təsir etdi?

- "Kəpəz"də 5 ay olmuşam. Hər komandaya uduzmaq mənə pis təsir edir. Fərqi yoxdu ki, bu, "Kəpəz"di, "Neftçi"di, yaxud başqası. Hər məğlubiyyət hamıya pis təsir edir.