Siyasət Əsgərov: "Heç vaxt demərəm ki, kişilərlə işləmərəm" – MÜSAHİBƏ » Pressing.Az
Siyasət Əsgərov: "Heç vaxt demərəm ki, kişilərlə işləmərəm" – MÜSAHİBƏ
Manşet / Müsahibə / Azərbaycan Futbolu 17-01-2024, 12:50

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Siyasət Əsgərov Pressing.az saytına geniş müsahibə verib.

- Nə baş verdi ki, Türkiyənin "Fomget" klubundan ayrıldız?

- "Fomget"dən öz istəyimlə ayrılmışam. Əslində, istəməzdim ki, belə ayrılam. Ötən mövsüm orada fərqli status daşıyırdım. Bunun səbəbi var idi. Çünki baş məşqçi olaraq çalışa bilməzdim. Belə olan halda klub mənə idman direktoru vəzifəsini verdi. Əsas komandada hər şeyə cavabdeh şəxs idim. Bununla yanaşı akademiyaya da baxırdım. Ötən mövsüm komandanın çempion olacağı gözlənilmirdi. Əsas məqsəd o idi ki, komanda finala çıxsın. Nəinki final gördük, komanda çempion oldu. Çempionlar Liqasında iştirak etdik. Bu da bizim üçün bir təcrübə oldu. Daha sonra Super Liqa başladı. Məqsədimiz çempion olmaq idi. Çempion olduqdan sonra Çempionlar Liqasında qrupdan çıxmaq istəyirdik. Komandada vəziyyət yaxşı idi. Amma son turlarda aldığımız məğlubiyyətlər mənə çox pis təsir etdi. Gördüm ki, mənə dəstək olan insanların dostluğunu itirirəm. Bu, mənim üçün çox ağırdır. Bəzi şeyləri dəyişməyə cəhd etdim. "Trabzonspor" məğlubiyyəti mənə çox toxundu. Oyunun gedişində düşünürdüm ki, kkubla vidalaşacam. Matç bitən kimi koordinatora dedim ki, ayrılmaq istəyirəm. Bu, onun üçün şok idi. Fikrimi qətiyyətlə dedim. Dedim ki, komanda ilə halallaşacam. Məni buraxmadılar, otağın qapısını bağladılar. Düşünürdülər ki, əsəbdən olan qərardır. Birinci dövrənin son oyunu idi. Bir neçə saatdan sonra yenə görüşdük. Qərarımda qəti olduğumu gördülər. Mən Bakıya qayıdandan sonra bir dəfə zəng etdilər. Qərarımı dəyişməsdim. Bundan sonra klub prezidenti və İdarə Heyəti toplandı. Mən də telefonla qoşularaq qəti fikrimi dedim. İstəyirdim ki, yaxşı ayrılaq, aramızda problem olmasın. Sonda onları razı sala bildim. Klub gedişimlə bağlı çox yaxşı açıqlama verdi. Türkiyədə məni tanıyan və tanımayan insanlar çox xoş sözlər yazırdı. Bir azərbaycanlı olaraq bu, məni sevindirir. Ankara şəhərinə heç vaxt Super Liqa kuboku gəlməmişdi. Bu ilki biz Türklər Cümhuriyyətinin 100 illiyində bacardıq.

Siyasət Əsgərov: "Heç vaxt demərəm ki, kişilərlə işləmərəm" – MÜSAHİBƏ

- Çempion olandan sonra komandanın əsas oyunçuları ayrıldılar. Onları niyə saxlaya bilmədiz?

- Bu hal hər klubda olur. Elə futbolçular var idi ki, onların ayrılması planlarımızda yox idi. Bəzi oyunçularımız Türkiyənin başqa klublarına getdilər. Əsas da "Qalatasaray"a. Yəqin şərtlər fərqli olub. Biz bəlli büdcədən kənara çıxa bilmirik. Yeni transferlərdən bəziləri öncəki oyunçuların keyfiyyətini göstərə bilmədilər. Komandanın 50 faizi getdi. Heyəti qoruya bilsəydik, bəlkə Çempionlar Liqasında qrupdan çıxa bilərdik.

"Bəziləri düşünür ki, yaxşı təklif var deyə ayrılmışam. Amma belə bir şey yoxdur"

- "Qalatasaray", "Beşiktaş" və "Trabzonspor"a məğlub olduğunuz oyunlarda qolları milli üzvləri vurub. Ayrılmağınıza onların reaksiyası necə oldu?

- Onların qol vurması mənim üçün qürurvericidir. İnsanlar bunu görür. 3-4 il əvvəl desəydilər ki, bir azərbaycanlı qadın futbolçu "Qalatasaray"da, "Fənərbağça"da oynayacaq, hamı deyərdi ki, mümkün deyil. Amma biz bunu bacardıq. "Qalatasaray"matçda Kristina qol vurmuşdu. Matçdan sonra onunla qucaqlaşdıq, oyununa görə təbrik etdim. Enis Maniya da həmçinin. Oyun bitər-bitməz gəlib mənimlə görüşdü. Aytaca gəlincə, sanki özünü sübut etmək istəyirdi, qapıda şirə dönmüşdü. Futbolun içində bunlar var. Mənim gedişimə görə qızlar məyus oldular. Bəziləri düşünür ki, yaxşı təklif var deyə ayrılmışam. Amma belə bir şey yoxdur. Məğlubiyyətlərə görə istefa vermişəm.

- Türkiyədən təkliflər olsa, dəyərləndirəcəksiz?

- Yaxşı yerlərdə işləmək hər kəsin arzusudur. Həmişə arzum idi ki, Azərbaycandan kənarda işləyim. Buna nail oldum. Getdiyim il çempionluq yaşadım. İnsanın məqsədi, ambisiyası varsa, nəsə edə bilər. Niyə də "Qalatasaray", "Fənərbağça", "Beşiktaş" kimi klublarda işləməyək? Biz də bunu istəyərik. Avropaya get.ək, özümü göstərmək məqsədlərimdən biridir.

- Milli komandanın üzvlərinin əksəriyyəti Türkiyədə çıxış edir. Gedişiniz onlara necə təsir edəcək?

- Bəli, Türkiyədə olmaq mənim üçün üstünlük idi. Bir çox klublarda millimizin üzvləri oynayır. Onların hamısını görürdüm. Həm rəqibləri, həm də milli üzvlərinin oyununu təhlil edirdim. Bu baxımdan mənim üçün asan idi. Türkiyə çempionatının oyunları canlı verilir. Belə izləyirəm.

- Milli komanda ilə bağlı qarşıdakı planlarınız nədir?

- Mart ayında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılacaq. Fevral ayında toplanış etmək istəyirik. Oyun praktikası vacibdir. Minimum iki oyun oynamağa çalışacağıq. Aprel ayında artıq rəsmi oyun olacaq. Ümid edirəm püşk də üzümüzə gülər. B səbətində yer alırıq. Seçmə mərhələdə də ilkə imza atmaq istəyirik.

- AFFA rəhbərliyinin milli komanda ilə görüşü oldu. Görüş necə keçdi?

- Rövnəq Abdullayev Bakıda oyunumuza gəlmişdi. Komanda adından ona təşəkkür edirəm. Rövnəq müəllimin paltardəyişmə otağına gəlməsi qızlar üçün stilim oldu. Həmin matçda 3:0 hesablı qələbə qazandıq. Həmin zaman demişdi ki, qrupdan çıxın, sizi qəbul edəcəm. Komandanı qəbul edərkən hər kəsə təşəkkür etdi.

"Rövnəq Abdullayev hər zaman futbolçuların yanında olub"

- Komandaya mükafat verildi?

- Pandemiya vaxtı məşq edə bilmirdik. Milli komanda İspaniyaya böyük hesabla məğlub oldu. Üç gün sonra Moldova ilə matçımız var idi. Qızları kökləmək çox çətin idi. Hamı bizi tənqid edirdi. Həmin vaxt bütün qızlara dedim ki, sosial şəbəkə hesablarınızı bağlayın. Həmin anları təsvir etmək çətindir. Amma buna baxmayaraq Moldovanı məğlub etdik. Daha sonra dünya çempionatının seçmə mərhələsində 7 xal topladıq. Artıq komandaya özünəinam gəldi. Millətlər Liqasının püşkündən sonra qarşımıza məqsəd qoyduq ki, qrupdan çıxacağıq. Qızlar heç vaxt mükafatı düşünməyib. Amma inanıram ki, bu uğura biganə yanaşılmayacaq.

- Bizdə olan məlumata görə, milli komanda B Liqasına yüksəldiyinə görə mükafat verilməyib...

- Bəli. Amma oyunlarda qazanılan qələbələrə görə mükafatlar verilib.

"Zəncirdə qırılma olsa, bir neçə ildən sonra əsas millidə də nəticə olmayacaq"

- Yüksək Qızlar Liqasında böyükhesablı nəticələr qeydə alınır. Bunu necə şərh edərdiniz?

- Mən də istərdim ki, bizim liqanın səviyyəsi yüksək olsun, oyunlar canlı nümayiş olunsun. Türkiyədə qadın futbolu yüksəlişdədir. Bizdə də 2-3 ilə o səviyyəyə gələ bilər. Belə hesabların qeydə alınması mənə də xoş deyil. Komandalar arasında fərq böyükdür. Gücümüz çatdıqda bəzi şeyləri dəyişməyə çalışacağıq. Liqanın səviyyəsinin artması milli komandaya da kömək edəcək. "Neftçi"də olan keyfiyyətli futbolçular hamısı Yüksək Qızlar Liqasında oynayır. Aşağı yaş qrupunu yeni yaradıblar. Məqsəd kütləni artırmaqdır. Hesabatın böyük olması məni də narahat edir. Uşaqlar buna görə travma keçirir. Əsas milli komandanın nəticəsi var, inkişaf göz qabağındadır. Amma aşağıda isə problemlər var. Millinin məşqçilər heyəti, departament hamımız bir yerdə problemləri aradan qaldırmağa çalışırıq. İnkişaf zəncirvari olmalıdır. Zəncirdə qırılma olsa, bir neçə ildən sonra əsas millidə də nəticə olmayacaq.

- AFFA-ya qadın futbolunun durumu ilə bağlı həyəcan siqnalı vermisiz?

- Hər zaman müzakirə etmişik. Bacardığım qədər liqa oyunlarını stadionda izləməyə çalışacam. Məşqçilərlə, futbolçularla fikir mübadiləsi edəcəm. Bu mövsüm olmasa da, növbəti mövsümdə nələrisə dəyişə bilərik.

"Milli komanda ilə müəyyən yerlərə gəlmişəmsə, bu qızları da itirmək olmaz. Onları buraxa bilmərəm"


- Kişi futbolunda çalışmaq haqda düşünmürsüz?

- Bir dönəm PRO kateqoriyasını oxuyarkən "Səbail"in U-17 komandasında çalışmışam. Orada Füzuli Məmmədovun köməkçisi olmuşam. Növbəti mövsümdə U-19 komandasına rəhbərlik etdik. Daha sonra mənə dedilər ki, əvəzedici komandanın baş məşqçisi ol. Həmin mövsümü U-19-da başlayıb əvəzedicilərdə bitirdim. Paralel olaraq qadınlardan ibarət milli komandada da işləyirdim. Heç vaxt demərəm ki, kişilərlə işləmərəm. Yaxşı təklif olsa, əlbəttə işləmək istəyərəm. Amma bir şey var. Milli komanda ilə müəyyən yerlərə gəlmişəmsə, bu qızları da itirmək olmaz. Futbolçularımla bu yerlərə gəlmişik. Onları buraxa bilmərəm. Bu komanda ilə daha yaxşı işlər görmək istəyirəm.

- Belə çıxır ki, kişilərdən ibarət futbol klubunda çalışa-çalışa qadın millimizə də rəhbərlik edə bilərsiniz?

- Bəli, burada bir problem yoxdur. Yenə də deyirəm, "Səbail"in akademiyasında iki ildən artıq çalışdım. Həmin dövrdə U-17 millimizi də çalışdırırdım. Bəlli məşqlərim, qrafikim vardı. Milli komandanın kampları olanda öncədən bildirirdim və sağ olsunlar, mənə heç bir problem yaratmırdılar. Bir faktı da qeyd edim ki, orada işlədiyim dönəmdə milli komanda elit-raunda vəsiqə qazanmış, dörd dəfə də UEFA İnkişaf Turnirinin qalibi olmuşdu. Yəni, buradakı işim heç bir halda oradakı fəaliyyətimə mane olmurdu. O cümlədən "Səbail"in aşağı yaş komandaları da baxımlı futbol sərgiləyir, yaxşı nəticələrə imza atırdılar. Bir sözlə, bu problem heç vaxt olmayıb.

- Yeri gəlmişkən, U-17 millisində çalışdığınız dövrdə yığmada çıxış edən futbolçulardan karyerasını davam etdirən və Premyer Liqa səviyyəsində olan kimləri xatırlayırsız?

- U-17 və sonradan U-19 millisində çalışdığım dönəmlərdən yadımda qalan Ədilxan Qaraəhmədovdur. Çox talantlı futbolçu idi. Hətta "Səbail"in heyətində Premyer Liqa matçlarında da meydana çıxıb. Daha sonra Xəyalı misal göstərə bilərəm. Ki, bu futbolçular öz istedadları ilə seçilirdilər. Ümumiyyətlə, qadın futbolundan öncə kişi futbolunda çalışmışam.

"Düzünü desəm, həmin dönəmlər oxumağa imkanım yox idi, problemlərim vardı"

- Futbolçu karyeranıza harada başlamısız?

- Futbolçu karyerama "Neftçi"də başlamışam. Daha sonra "ağ-qaralar"ın əvəzedici komandasında oynamışam. 18 yaşım olmazdı, o dövrdə MOİK-in sıralarına qoşulub, Super Liqada da oynamışam. Təəssüf ki, futbolçu karyeramı 19 yaşımda bitirmək məcburiyyətində qaldım. Buna səbəb isə dizimdən aldığım zədə idi. Əməliyyat edildikdən sonra MOİK klubuna köməkçi məşqçi kimi qayıtmışam. Orada Ramin müəllimin köməkçisi təyin olundum. Həm də MOİK-in əksər futbolçularını tanıyırdım deyə, işləmək rahat idi. Artıq həmin dövrdə məşqçilik kateqoriyası almaq üçün kurslara qatıldım. İlk olaraq C kateqoriyası üzrə oxudum. Həmin kursları ən yaxşı qiymətlərlə bitirdim. Həmin dövrdə maraqlı bir məqam da vardı ki, əgər "C"ni yaxşı qiymətlərlə bitirirdinsə, avtomatik olaraq B kateqoriyası üzrə də kurslara qatıla bilirdin. Almaniyalı mütəxəssis Oliver Pilzer mənə dedi ki, niyə "B"ni də oxumursan? Düzünü desəm, həmin dönəmlər oxumağa imkanım yox idi, problemlərim vardı. "C"ni də klubun dəstəyi ilə yox, öz vəsaitim hesabına oxumuşdum. Bunu ilk dəfədir ki, açıqlayıram (gülür). Daha sonra Pilzer mənə dedi ki, gözlə. O, Elxan Məmmədovun otağına girdi və bildirdi ki, bu uşaq kursu əla qiymətlərlə bitirib və gələcəkdə çox talantlı məşqçi ola bilər. Mən də həmin vaxt "reception"da gözləyirdim. Pilzer sevinə-sevinə mənə yaxınlaşdı və bildirdi ki, hər şey əladır. Bunu demişdi ki, gördüm, Elxan Məmmədov və köməkçiləri gəlir. Həmin dövrdə akademiyanın direktoru olan Elnur Məmmədovun otağına daxil olduq. Orada mənlə görüşərək, verdiyim nəticəyə görə təbrik etdilər. Bunu da ilk dəfə açıqlayıram. Deməli, Elxan müəllim dedi ki, "Siyasət, biz istəyirik ki, sənin B kateqoriyanın dövlət rüsumunu biz ödəyək. İstəyərsən?". Əlbəttə ki, istəyərdim (gülür). Lakin Elxan Məmmədov bildirdi ki, "C"də hansı nəticəni vermisənsə, "B"də də səndən onu istəyirik (gülür). O dönəm səhərə qədər yatmırdım, dərs oxuyurdum. Sizə deyim ki, "B"də də ən yaxşı iki nəticədən biri məndə oldu. Bundan bir müddət sonra Ramin Əliyev MOİK-dən ayrıldı və başqa bir kluba baş məşqçi təyin olundu. Ordu klubu isə belə demək mümkünsə, başsız qaldı. Onda MOİK Birinci Liqada dördüncü pillədə qərarlaşmışdı. Klubun rəhbri Natiq Əliyevin tapşırığı ilə MOİK-ə yeni baş məşqçi axtarılırdı. Mənim yaxşı nəticələr verdiyimdən isə xəbərdar idilər. Həmin vaxt Natiq Əliyev rəhmətlik Akif dayıya bildirmişdi ki, o Siyasət kimdir? Onu MOİK-ə baş məşqçi təyin edək. Elə həmin vaxt da MOİK-i Premyer Liqaya çıxardım. Ümumiyyətlə, ordu klubu son dəfə məhz mənim rəhbərliyim altında elitaya vəsiqə qazanıb.

- Bəs sonra nələr baş verdi?

- Yaxşı nəticələr verdiyimə görə, məni həmin dövrdə məktəblərdə yeni yaradılan "Futbol dərsliyi" layihəsinə cəlb etdilər. Həmin layihənin rəhbəri də Elnur Məmmədov idi. Keşlədə yerləşən 205 saylı məktəbdə şagirdlərə futboldan dərslər keçirdim. İdman dəsrlərində onlara futbolun sirlərini öyrədirdim. İstər qız, istərsə də oğlanlar, fərqi yox idi. Bütün şagirdlərə öyrədirdim. Bir müddət sonra sosial şəbəkələrdə gördüm ki, Azərbaycanda qadın futbolçulardan ibarət U-17 milli komandası yaradılıb. Xatırlayırsızsa, baş məşqçi də almaniyalı qadın mütəxəssis Sisi Rayt idi. Mən sonradan MOİK rəhbərliyinə bildirdim ki, artıq bu yükü daşıya bilmərəm. Elə oldu ki, Ramin Əliyevi yenidən ordu klubunun "sükanı arxasına" qaytardılar. Mən isə onun köməkçisi, əvəzedicilərdən ibarət komandanın baş məşqçisi, akademiyanın isə koordinatoru oldum. Yadımdadır, Sisi Rayt mənim dərs keçdiyim məktəbə təşrif buyurmuşdu. Gəldi, izlədi və getdi. Daha sonra bizə zəng edildi ki, FIFA-dan qonaqlarımız olacaq. Sisi xanım da həmin qonaqlarla, böyük heyətlə təkrarən məktəbə gəldi. Onun növbəti gəlişindən sonra tərcüməçi mənə yaxınlaşaraq, nömrəmi verməyimi xahiş etdi. Həmin illər (2010-2011) biz Azərbaycan üzrə qız futbolçularla bağlı seleksiya işləri həyata keçirilirdi.

Əlqərəz, Sisi Raytın köməkçilərindən biri Almaniyada seminara qatıldığı üçün o, əlaqə saxlayaraq məndən xahiş etdi ki, bizə kömək edə bilərsən? Məmnuniyyətlə qəbul etdim. Sən demə, həmin seleksiya dövründə Sisi xanım məni izləyirmiş. Bir müddət sonra mənə zəng gəldi ki, AFFA-nın inzibati binasına gələ bilərsiz? İndiyədək yadımdadır, üçüncü mərtəbədə Sisi Raytla görüşdük və mənə bildirdi ki, istəyirəm ki, milli komandada mənim köməkçim olasan. Futbolçu kimi yığmada oynamaq ən böyük arzum olub və bu təklif mənim üçün böyük bir fəxr idi. Çalışmağa razı idim, amma yenə də qarşı tərəfdən vaxt istədim. Evdə isə buna razı olmadılar. Ələlxüsus da atam buna razılıq vermirdi. Çünki mən həmin dövrdə 10-a yaxın liqada fəaliyyət göstərirdim və bütün bunlardan vaz keçib, təkcə qadın millisində çalışmalı idim. Seçim qarşısında qalmışdım ki, qadın futbolunda davam edim, yoxsa kişi futbolunda... Bu, mənim üçün böyük şans idi. Lakin hər şeyin üzərindən xətt çəkdim və Sisi Raytın təklifini qəbul etdim.

- MOİK-də sahib olduğunuz vəzifələr və milli komanda... Aralarında maddi səviyyə baxımından hansı fərqlər vardı?

- Yuxarı-aşağı məvacib eyni idi. Bildiyiniz kimi, MOİK hərbçilərdən komplektləşdirilmiş komandadır. Açığı, qazandığım məvacibin çox hissəsini oyunçularla paylaşırdım. Çünki futbolçular elə də yüksək maaş almırdılar. Hətta aralarında elələri vardı ki, yaşca çox böyük idilər. Belə demək mümkünsə, onların həm də dostu, qardaşı idim. Millidə isə aldığım məvacib özümə qalırdı. Lakin burada 2012-ci ildə 17 yaşlı qızlardan ibarət qızlar arasında Bakıda keçiriləcək dünya çempionatını görəcəkdim, almaniyalı mütəxəssislə çalışacaqdım... Ən əsası isə milli komandada işləyəcəkdim. Bu, mənim üçün çox böyük mənəvi məsələ idi. Əvvəl atam buna razı deyildi, amma sonradan mənə bildirdi ki, qərarım düz olub. Çox şükür ki, qərarımda yanılmadım, məşqçi kimi bəlli yerlərə gəlib çıxdım. Bunu çoxları bilmir. Mən məhz bu nəticələrdən sonra qadın futboluna gəlib çıxmışam. Sisi Rayt millidən ayrıldıqdan bir müddət sonra da yığma komandanın baş məşqçisi oldum. Belə davam etdim və daha sonra A milli yarandı. Elə yarandığı ildən də əsas milli komandanın baş məşqçisiyəm.

- Milli komanda ilə yanaşı, MOİK-ə də mənəvi bağlılığınız var. Son iki ildir ki, situasiya dəyişib və dövlət büdcəsindən aşağı liqalarda iştirak edən komandalara vəsait ayrılır. MOİK də bu mövsüm pis təsir bağışlamır. "Hərbçilər" hazırda Birinci Liqada ikinci pillədə qərarlaşıb və elitaya vəsiqə qazanmağa iddialıdırlar. MOİK buyaxınlarda Xankəndi şəhərində Azərbaycan kubokunun 1/8 final mərhələsində "Qarabağ"la üz-üzə gəldi (0:1). Həmin oyunda ölkə başçısı İlham Əliyev də onlarla görüşdü. Belə deyək, əgər bu gün MOİK-dən sizə təklif gəlsə, qəbul edərsiz?

- İlk növbədə, MOİK-in hazırkı baş məşqçisi Qəzənfər Abbasov çox yaxın dostumdur. Əslində, MOİK-lə sonuncu dəfə Premyer Liqaya yüksəlmək bir baş məşqçi kimi mənə qismət olub və buna görə sevinirəm. Vaxtilə orada həm futbolçu kimi çıxış etmişəm, həm hərbi xidmətim orada keçib, həm də ordu klubunun məş qçisi olmuşam. Lakin indiki durumda bu barədə düşünmürəm. Bu gün milli komanda ilə tarixi uğura imza atmışıq və bunun ardını gətirmək istəyirik. Gələcəkdə isə təkcə MOİK yox, digər klublar məni istəsələr, getməyə hazıram.

Elsevər Muradzadə