Rəşad Sadıqov: "Şerif"lə oyunda hər şeyə hazır olmalıyıq" » Pressing.Az
Rəşad Sadıqov: "Şerif"lə oyunda hər şeyə hazır olmalıyıq"
Azərbaycan Futbolu / Avropa Liqası 17-07-2024, 18:13

"Zirə" klubu UEFA Avropa Liqası I təsnifat mərhələsinin cavab görüşü çərçivəsində sabah Moldovanın "Şerif" komandası ilə qarşılaşacaq.

Pressing.az xəbər verir ki, "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov oyundan öncə keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Oyundan öncə danışmaq həmişə çətindir. Qarşımızdakı rəqibin gücünü başa düşürük. Səfərdə qalib gəlmişik. Rəqib bura fərqli motivasiya ilə gələcək. İlk oyundakı nəticəni dəyişməyə çalışacaqlar. Biz də yaxşı hazırlaşmışıq. Futbolçuların hazırlığı məni qane edir. Oyunçularım hazırlığımızı və bacarıqlarını sabah meydanda göstərməlidirlər. Bizi Tiraspoldakından daha gərgin oyun gözləyir. İlk matçda uduzsaydıq da, belə olacaqdı. Avrokuboklarda ikinci matçlar gərgin keçir. İlk hissədə hesabda irəli çıxmaq istəyirik. İstəyirik ki, gözlədiyimizdən daha rahat oyun olsun. Hər şeyə hazır olmalıyıq. Allah qoysa, sabah mərhələni keçən tərəf biz olarıq.

- Penaltilər seriyasına hazırlaşmısız?

- Penaltilər seriyasına hazırlaşmağı xoşlamıram. Azərbaycan Kuboku oyunlarında belə ehtimal olanda da, penaltilərə hazırlaşmamışıq. Hər bir nəticəyə, gedişata hazır olmaq lazımdır. İlk oyunda uduzsaydıq da, eyni fikirləri səsləndirəcəkdim. Başqa səbəbi yoxdur. Müasir futbolda avrokuboklarda ev-səfər oyunlarında fərq yoxdur. Səfərdə biz qalib gəldik. Amma komanda olaraq mütləq şəkildə hər ssenariyə hazır olmalıyıq. İstəyərdik ki, oyun 90 dəqiqədə həll olunsun. Bizim xeyrimizə təbii ki. Mövsümün əvvəlidir. Hər iki komanda optimal formada deyil.

- Bir çoxları fikirləşir ki, komanda daha çox bu hesabı qorumağa çalışacaq. Bunun əks təsirləri də ola bilər. "Zirə" turu keçmək, yoxsa qalib gəlmək üçün meydana çıxacaq?

- İkisi də eyni nəticədir. Oyun planı ilə bağlı suallardan məcburiyyətdən yayınacam. Çünki indi ən çox iş məşqçilərin boynuna düşür. Rəqib açıqlamalarımıza diqqət yetirəcək. Biz də həmçinin. Təbii ki, üstünlüyümüz var. Bu hər iki komandaya psixoloji olaraq təsir edəcək. Başa düşürük ki, rəqib istəkli olacaq. Çünki bir həftə vaxtları olub ki, yaxşı düşünsünlər, təhlil etsinlər. "Şerif" təcrübəli komandadır. Nəticəni öz xeyirlərinə dəyişməyə çalışacaqlar. Bizim də öz düşüncələrimiz, planlarımız var. Oyun planı ilə bağlı məsələləri matçdan sonra danışarıq.

- İlk matçda müdafiədə pis görünmədiz, amma hücumda dişsizlik var idi. Problem nədə idi?

- Problem olduğunu düşünmürəm. Bir neçə təhlükəli hücumumuz var idi. Qapıya bir zərbə endirdik, qolla nəticələndi. İlk yarıda Ceyhun Nuriyev topu yaxşı ram etsəydi, epizod olacaqdı. Razıyam ki, son ötürmələrdə daha dəqiq olmalıydıq. Biz də rəqibə 100 faizli epizod vermədik. Daha çox uzaqdan zərbələr vururdular. Hər iki komanda bir-birinə son fazada fərqlənməyə imkan vermirdi. Bütün komandalar yaxşı, kollektiv şəkildə müdafiə olunurlar. Nəzərə almalıyıq ki, qarşımızda qol buraxmaq istəməyən rəqib var. Çempionat oyunlarında elədir ki, 7-ci turda səhv buraxsan, 10-cu turda düzəldirsən. Avrokuboklarda bir səhv həlledici olur. Hamı ehtiyatlı oynayır. Çalışacağıq ki, sabah hücumlarımızın sayı, kəsəri daha çox olsun. Necə alınacaq, zaman göstərəcək.

- İlk oyunda futbolçularda həyəcan hiss edilirdi. Heyətdə rotasiya gözlənilir?

- Mövsümün ilk oyunu idi. Fiziki, taktiki, texniki baxımdan futbolçularımdan çox razı qaldım. Sabah uğurlu olmaq, mərhələ keçmək niyyətindəyiksə, meydanda daha yaxşı olmalıyıq. Ola bilsin ki, Tiraspolda göstərdiyimiz oyun bizə kifayət etməsin. Hamımız bunu başa düşürük. Daha yaxşı "Zirə" olmağa çalışırıq.

- Zədəli olan oyunçular var?

- Narahat edən məqamlar var.

- Davit Volkov yenidən qayıtdı "Zirə"yə. Onda necə dəyişiklik var? Hücum mövqeyində istədiyiniz oyunçunu tapdız?

- Tiraspoldakı oyunda matçboyu rotasiyalarla oynayırdıq. Öncə hücumda Rafael Utziq başlamışdı, daha sonra Volkov oynadı. Rüstəm Əhmədzadə də hücumçu kimi oynayırdı. Sevinirəm ki, Volkov bizimlədir. O vaxt onun getməsini istəmirdim. Futbolçu hər an komandasını dəyişə bilər. İlk oyunda onların performansından razıyam. Heç biri optimal formada deyil. Sabah digər futbolçular kimi Volkovdan da daha yaxşı performans gözləyirəm.

- İlk oyundan bir həftə vaxt keçib. Komanda tam olaraq istədiyiniz kimi hazırlaşa bilib?

- Sabah ilk növbədə mental hazırlıq önəmlidir. Həftəiçi heç bir problem görmədim. Futbolçularım sabahkı oyunun məsuliyyətini tam dərk edirlər. Doğma azarkeşlər qarşısında oynayacağıq. Hamı özünün ən yaxşı oyununu oynamalıdır.

- "Zirə" 10 illik klubdur. Azarkeş kütləsi aşağıdır. Azarkeşlərə çağırış edə bilərsiz ki, sabah sizə dəstək olsunlar?

- Azarkeşimiz az deyil, yetərincə var. Mənə görə say önəmli deyil, keyfiyyət önəmlidir. Yəni azarkeşlər səni necə dəstəkləyir. "Zirə" azarkeşləri həmişə yanımızdadırlar. İstəyərdik ki, sabah tribunalar dolsun. Stadiona gəlməyənlər də televizor vasitəsilə bizi dəstəkləyəcək. Kimin imkanı varsa, bizi dəstəkləsin. Ən azından bizə dua etsinlər. Çalışaq, birlikdə mərhələni keçək.