"La Gazzetta dello Sport" həmyerlimizin məqaləsini yayımladı - FOTOLAR » Pressing.Az
"La Gazzetta dello Sport" həmyerlimizin məqaləsini yayımladı - FOTOLAR
Maqazin 16-12-2023, 14:34

"La Gazzetta dello Sport"

“Qarabağ” - məcburi köçkün hekayəsi: Azərbaycanlılar 30 ildən sonra doğma yurdlarına qayıtdılar

Qarabağ müharibəsi zamanı dağıdılmış “ruh şəhər” Ağdamın komandası “Qarabağ” Azərbaycan Kubokunda 1/8 final matçını Xankəndində oynayacaq. “Yollarımız və şəhərimiz viran edilib, amma Ağdama qayıtmaq hər şeydən dəyərlidir”.

Ağdam rayonu topun yuvarlandığı yerdən asılı olaraq təhlükəsiz olma riski olan bölgələrdən biridir. “Ruh şəhər”in ətrafındakı bəzi ərazilər hələ də minalarla doludur və bunlar dünyaya burada otuz ildir heç kimin yaşamadığını xatırladır. Bu, 30 il davam edən və sentyabrda cəmi 23 saat ərzində başa çatan münaqişənin fəsadlarıdır. Aylardır ki, bütün ölkə ərazisində azərbaycanlılar “Qarabağ Azərbaycandır” yazılmış lövhələr və pankartlar nümayiş etdirməyə davam edirlər.

“Qarabağ” üçün dirçəliş matçı

Bakıdan qərbdə, ən azı altı saatlıq məsafədə yerləşən Ağdamda həyatın normal vəziyyətə qayıtması üçün uzun illər lazım olacaq. Azərbaycan hökuməti şəhərdəki evlərin, meydanların və hər şeydən əvvəl “Qarabağ”ın doğma evi olan köhnə “İmarət” stadionunun yenidən qurulmasını həyata keçirəcək. 1993-cü ilin iyulunda bir gün içərisində boşaldılan Ağdamın yenidən Azərbaycana qayıtması 30 il çəkdi.

Azərbaycanın Avropadakı ən yaxşı klubu olan “Qarabağ” 30 il əvvəl son ev oyununu öz şəhərində, artıq mövcud olmayan “İmarət”də keçirib. Həmin matçdakı qollardan birini bu gün doğma şəhərinə qayıtmağa hazırlaşan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun köməkçi məşqçilərindən olan Müşfiq Hüseynov vurub. “Köhlən atlar ” Azərbaycan Kubokunun 1/8 final matçında dekabrın 21-i Ağdamın yaxınlığında yerləşən Xankəndində Qarabağın azad edilməsindən sonra ilk dəfə öz xalqının və azarkeşlərinin qarşısına çıxacaq.

Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın ortalarında şəhərin mərkəzində dövlət bayrağını ucaltmasından sonra Xankəndi şəhər stadionunda oturacaqların təmirinə başlanıldı. Hökümətin planına əsasən stadion 2026-cı ilədək yenidən qurulacaq.

“Qarabağ” həmişə qalib olub

“Qarabağ” son on ildə doqquz dəfə ölkə çempionu adını qazanıb, 2017-ci ildə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış edib. Eyni zamanda, İtaliyanın “İnter”, “Roma” və “Fiorentina” klublarına avrokuboklarda rəqib olub.

“Qarabağ” şahmat və güləşin çox populyar olduğu Azərbaycanda ölkə futbolunun brilyantıdır. Azərbaycan öz təzadlarını harmoniya içində yaşayan ziddiyyətlər ölkəsidir. Bakı Sovet İttifaqının mirası olan binalar və Dubaysayağı göydələnləri ilə öyünür. Bundan başqa, Bakıda dünyada futbol hakiminin adını daşıyan yeganə stadion olan Tofiq Bəhramov adına Respublika stadionu da var. 1966-cı il iyulun 30-da dünya çempionatının finalında topun qatı xəttini keçdiyini təkidlə bildirən hakim İngiltərənin dünya çempionu olmasına səbəb olmuşdu.

“Qarabağ” avrokubok matçlarını Tofiq Bəhramovun adına daşıyan stadionda, çempionat matçlarını isə 2015-ci ildə istifadəyə verilən “Azərsun Arena”da keçirir. 21 dekabrda komanda yenidən Qarabağda - Xankəndində meydana çıxacaq. Bu qarşılaşmanı yenidən dirçəliş matçı və ya evə qayıdış oyunu kimi də qələmə vermək olar.

Müharibə səbəbindən on ildir ki, Donetskdə meydana çıxmayan "Şaxtyor"u qabaqlayan Avropanın ən uzun müddət məcburi köçkün həyatı yaşayan klubu “Qarabağ”ın həsrəti MOİK ilə oyunda sona çatacaq. “Qarabağ” klubunun bir qrup futbolçusu və texniki heyəti 2020-ci ildə Ağdamı – şəhərin dağıdılmayan yeganə tikilisi olan Ağdam məscidini ziyarət edib. MOİK ilə matç müharibədə ailə üzvlərini itirən azərbaycanlılar üçün tarixi gün kimi yaddaşlarda qalacaq.

Vüqar Nadirovun hekayəsi

Ağdam klubunun heyətində çıxış etmiş futbolçular arasında 2009-2015, daha sonra 2016-2017-ci illərdə "Qarabağ"da mərkəz hücumçusu kimi oynamış Vüqar Nadirov da var. O, 2014-cü ildə "İnter"ə də qarşı Milanda meydana çıxıb. Vüqar 1987-ci ildə Ağdamda doğulub və atası Birinci Qarabağ müharibəsində şəhid olub.

Vüqardan Ağdam ilə bağlı soruşduqda bir qədər susur və deyir: “5 yaşım var idi, şəhərdən qaçanda qorxmuş insanların üzündəki boşluq hissini xatırlayıram. “Qarabağ”la 2020-ci ildə Ağdama qayıdanda hələ də izah edə bilmədiyim bir hiss, xoşbəxtliklə dolu həzin anlar yaşadım. Bir tərəfdən öz şəhərimi yenidən görməkdən çox xoşbəxt idim, digər tərəfdən isə yox, çünki işğaldan əvvəlki o küçələr, o binalar artıq yox idi. Ancaq doğma torpaqlarımıza geri qayıtmaq futboldakı istənilən qələbəyə dəyər”.

Vüqarın atası 1993-cü ildə şəhid olub. Onun qəbri Bakının ən yuxarı hissəsində yerləşən “Alov qüllələri”nin ətəyində münaqişəyə həsr olunmuş xiyabandakı minlərlə qəbir daşlarından biridir. Ora funikulyorla da qalxmaq olar. Artıq həyatda olmayanların ağ-qara üzləri Bakının ən hündür nöqtəsindən Xəzər dənizinə baxır.

Vüqar davam edir: "Atam qəhrəmandır. Bəzən mən onun üzünü xatırlamaqda çətinlik çəkirəm, çünki o vəfat edəndə 6-7 yaşım var idi. Oğluma onun adını vermişəm; Ərşad Nadirov. İndi Ərşad “Qarabağ”ın yeniyetmələrdən ibarət komandasında futbolçu kimi yetişir”.

Dirçəliş, yenidənqurma

“Qarabağ”da komandanın heyəti fərqli mədəniyyətlərin kəsişdiyi məkandır: iki kabo-verdeli, iki braziliyalı, üç fransız, iki monteneqrolu, Əlcəzair, Rusiya, Kolumbiya, Albaniya və Gürcüstandan olan futbolçular.

Bütün karyerasını “Qarabağ”da keçirən kapitan Maksim Medvedev MOİK ilə matçdan əvvəl komanda yoldaşlarını soyunub-geyinmə otağında bir araya gətirəcək və onlara hər şeyin başladığı yerdən yenidən dirçəlişin nə demək olduğunu izah edəcək. Hansıki 3 il əvvəl həmin yerdə hər addım yaşamaq və ya ölmək arasında fərq yarada bilirdi. Dekabrın 21-də futbol topu evin - Ağdamın yaxınlığında problemsiz formada yenidən diyirlənəcək və 30 illik səssizliyə son qoyulacaq…

Fərid Qarazadənin məqaləsi


"La Gazzetta dello Sport" həmyerlimizin məqaləsini yayımladı - FOTOLAR