"Zirə" klubu Azərbaycan Premyer Liqasının 27-ci turunda doğma meydanda "Sabah"a 0:2 hesabı ilə məğlub olub.
Pressing.az xəbər verir ki, matçdan sonra təşkil olunan mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Oyuna yaxşı başladıq. İlk yarını yaxşı səviyyədə keçirdik. Rəqibə başını qaldırmağa imkan vermirdik. Təhlükəli hücumlarımız var idi. Təəssüflər olsun ki, nəticəyə çevirə bilmədik. İkinci yarıda da təəssüf ki, neçənci dəfədir autdan qapımızda qol görürük. Yenə də ucuz qol buraxdıq. Rəqibin ilk təhlükəli hücumu qolla nəticələndi. Sona qədər mübarizə apardıq. Bəlkə də oyunu çevirə bilərdik. Bir qol lazım idi. Onu vura bilmədik. Futbolçular sona qədər yaxşı mübarizə apardılar. Onların çıxışından çox narazı ola bilmərəm.
- Rəhim Sadıqov və Rüstəm Əhmədzadə sanki laqeyid yanaşır epizodlara...
- Elə məsələlər var ki, sırf xarakterlə bağlıdır. Hər hansı futbolçumda laqeyidlik hiss etsəm, tədbir görərəm. Rəhimdən və Rüstəmdən çox razıyam. Oyunda da, məşqlərdə də istəklidilər. Ola bilər ki, hansısa epizoda yorğunçuluq olur. Amma dediyiniz kimi olarsa, etiraf edərəm.
- Amin Seydiyevə iki epizodda qırmızı vərəqə verilə bilərdi. Həmin epizodları necə şərh edərdiniz?
- Şərh vermək istəmirəm.
- Oyunun gecə vaxtı keçirilməsi sizə necə təsir etdi?
- Dinamik, sürətli oyun getdi. Bu saatlarda oynamaq yaxşıdır. Futbolçular belə vaxtda özlərini daha gümrah hiss edirlər. Sanki beynəlxalq oyuna hazırlaşırdıq. Belə ab-hava var idi. Rəqib də beynəlxalq səviyyədə idi. Uşaqların əziyyətinə heyfslənirəm. Yaxşı nəticə ola bilərdi. Rəqibin heyətindəki usta futbolçular matçın taleyini həll etdilər.
- Hakimlər haqda danışdıqda sizə qarşı daha qəzəbli olurlar, yoxsa yaxşı təsir göstərir?
- Biz ona görə danışmırdıq ki, hakimlər səhv etməsin. Epizod olurdu sadəcə şərh edirdik. Bu il səhvlər daha azdır. Amma yenə də həlledici məqamlarda bəzən olur. Bu gün komanda yaxşı mübarizə apardı. “Sabah” bu il böyük işlər görür. Bugünkü matçı qırmızının ətrafında qurmaq istəmirəm. Ancaq mənə də kənardan dedilər ki, sanki qırmızı idi.
-Üçüncü dövrəni aktivinizə yazırsız?
-Səmimi deyim ki, oyun planında çox şikayətim yoxdur. Futbolçuların intizamı, məşqlərə yanaşması, oyunlara köklənməsində problem yoxdur. Xal ehtiyatına gəldikdə, təbii ki, daha çox xal toplamalı idik. Çempionatı təhlil edirsən, xal və qələbə qazanmaq da müşkül məsələyə çevrilib. Keçən il biz 5-6-7-8-ci yerlərdəki komandalara qalib gəlmişdik, yalnız sonuncu turda “Şamaxı” ilə heç-heçə etmişdik. Keçən ilki oyunlarla builki arasında çox fərq var. Futbolçular da daha fərqli olublar. Burada 10 komanda olmasının da rolu var. Sonuncu pillənin liqanı tərk etməsinin təsiri də var. Hansı oyuna gedirsən, kiminsə hədəfi var. "Qarabağ" "Sabah"la, "Sabah" "Neftçi" ilə, biz "Qəbələ" ilə... Sonuncu yerdəkilər də həmçinin. Asan oyun yoxdur. Təbii ki, bu, hədəflərimizi dəyişmir. Liqanı təhlil etdikdə, baxdıqda, çətin olduğunu görürsən. Dördüncü dövrə həlledici olacaq. Bizi maraqlı və gərgin mübarizə gölzəyir.
- Mehdi Cənnətov ikinci qolda zərbəni dəf edə bilmədi...
- Bəlkə də çıxara bilərdi.
- Qapıda rotasiyalar nə ilə bağlıdır?
- Rotasiyalar bəzən səhvlərlə, bəzən psixoloji hazırlıqla, bəzən də rəqibə uyğun taktika ilə bağlıdır. Anar Nəzirov ürəkli oyunçularımızdandır. Gəncədəki matçda ona şans verdik. Yaxşı da dayandı. “Sabah” standart vəziyyətlərdə yaxşıdır. Xüsusi ev tapşırıqları olur. Bu detalları nəzərə alıb Mehdiyə üstünlük verdik. İkisi də eyni səviyyədə çıxış edir. Müəyyən detallar var ki, qərarlara təsir edir.
- Sizcə gənc qapıçıya da şans vermək olmaz?
- O da istəklidir, çalışır. Amma rəqabətdə Mehdiyə və Anara uduzur. Nə vaxt yaxınlaşacaq, mütləq ona da şans veriləcək. Məşqlərdə baxırıq. Ümumən qərarımızı ona uyğun verəcəyik. Psixoloji cəhətdən də hazır olsa... Premyer Liqada bir oyun oynayıb. Bu gün hələ tam hazır deyil.
- Hazırda dördüncülük mübarizəsi sizinlə “Qəbələ” arasında gedir. Onlar barədə fikriniz necədir?
- “Qəbələ”də Elmar Baxşıyevin gördüyü işlər haqda ancaq xoş sözlər demək olar. Ümumiyyətlə, bu il gənc, yerli mütəxəssis yaxşı işlər görür. Ayxan Abbasov “Turan Tovuz”da, Cavid Hüseynov “Şamaxı”da Tərlan Əhmədov “Kəpəz”də.(sportal.az)