"Qorxaq futbol oynasaydıq, bu nəticələri verməzdik" – Qurban Qurbanov » Pressing.Az
"Qorxaq futbol oynasaydıq, bu nəticələri verməzdik" – Qurban Qurbanov
Azərbaycan Futbolu / Avropa Liqası 29-11-2024, 02:33

"Qarabağ" klubu UEFA Avropa Liqası Liqa mərhələsinin 5-ci turunun oyununda Bakıda "Lion"a 1:4 hesabı ilə məğlub olub.

Pressing.az xəbər verir ki, Azərbaycan çempionunun baş məşqçisi Qurban Qurbanov matçdan sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Azarkeşlərimizə təşəkkür etmək istəyirəm. Bu cür havada, hesab böyük olsa da, sona qədər bizimlə oldular. Oyuna gəldikdə, əlbəttə ki, hesab üzücü görünür. İkinci hissənin ortalarında komandada bəzi boşluqlar yarandı. Rəqibin sürətli hücumlarının qarşısını ala bilmədik. Oyundan razı qaldım. Niyə? Futbolçular bilirdilər ki, qarşımızda yaxşı komanda var. Amma öz oyunumuzdan əl çəkmədik, risklərə getdik. Böyük futbol belədir. Qol epizodlarından istifadə edə bilmirsənsə, rəqib ustalıq səviyyəsinə görə fərqlənə bilir. Hesab oyuna görə deyildi. Əfsuslar olsun ki, belə hesab oldu. Qarşıdakı matçlara hazırlaşmalıyıq.

- Yaradılan qol epizodları və buraxılan qollar... Bunun səbəbi ustalıq fərqidir, yoxsa bəxtsizlik?

- Bəxtsizlik demək.. Bu ifadəni çox az-az işlədirəm. Elə epizodlar var idi ki. İki topumuz dirəkdən döndü. Bilmirəm buna bəxtsizlik deyirlər, ya yox. Biz qol vurmalı olduğumuz halda, rəqib vurdu. Qəbul etməliyik ki, "Lion"un oyunçularının ustalıq səviyyəsi yüksəkdir. İlboyu bu tempdə oynayırlar. Daha çox ustalıq səviyyəsi deyərdim.

- 60-cı dəqiqədə 3 dəyişiklik etdiz, 63-68-ci dəqiqələrdə qollar buraxdınız. Bu dəyişikliklər komandaya mənfi təsir etdi?

- Oyunun gedişində dəyişiklik etmək mənim üçün ən çətin qərarlardan biridir. Udsaq da, uduzsaq da. Amma bəzi futbolçuların dinamikasına da fikir veririk. Müdafiədə, orta sahədə aktiv olmaq lazım idi. Rəqib də bundan istifadə etdi. İkinci qol sadəcə texniki səhvdən sonra oldu. Hansısa hücum qurmadılar. Ondan sonra futbolçular özünə gəlincə..."Lion" usta komandadır, üçüncü qolu gördük. Hər iki qoldan əvvəl biz fərqlənməli idik, rəqib fərqləndi. Epizodlarımız qol olmadı. Deməli bu gün məğlub olmalıydıq.

- Üç oyun qalıb, ikisi səfərdədir. Pley-offa çıxmaq şanslarını necə qiymətləndirirsiz?

- Şanslar hələ qalıb. Oyunları görürsüz. İldən-ilə rəqiblərimiz bizə daha ciddi yanaşır, futbolun dinamikası, sürəti, ustalıq çox yuxarı səviyyədədir. Bunu etiraf etməliyik. Biz rəqiblərlə başabaş mübarizə aparmağa çalışırıq. Avropa futbolunun üstünlüyünü qəbul etməliyik. "Səbail"lə matçda süni örtükdə oynayırdıq. Meydançanı suladılar. Topun getməsi oyunumuzun sürətini aşağı saldı. Hakim də belə qarşılaşmalarda oyunu çox saxlayır. İstər-istəməz Azərbaycan futboluna təsir edir. Amma bizim daha yaxşı oyunlarımız olub. Heç vaxt bunu məğlubiyyətlərimizdə səbəb göstərmirəm. İnkişaf üçün bunları daha da yaxşılaşdırmaq lazımdır. Rəqiblərə gəldikdə, ustalıq səviyyələri daha da yaxşılaşır. Çətin görünə bilər, üç oyunumuz qalıb. Niyə də yox? Sona qədər mübarizə aparacağıq.

- Juninyonun bugünkü performansından razısız?

- Razı qalmadım desəm, düzgün çıxmaz. Futbolçu hər oyunda eyni tempdə oynaya bilməz. Rəqibin oyunçularına da baxmaq lazımdır. Penalti heç, 4 yüz faizli qol epizoduna girdi. Bir hücumçu üçün belə komandaya qarşı bunu etmək az deyil. Belə rəqiblərə qarşı meydanda daha da hərəkətli olmaq lazımdır. Dəfələrlə futbolçularıma bunu bildirirəm.

- Yassin Benziyanı tez-tez əvəz etmirsiz. Amma bu gün etdiniz. Səbəbi nə idi?

- Matçın gedişatına görə dəyişiklik etdik. Oyun da əldən getmişdi. Sürətə ehtiyac var idi. Ona görə Addaini buraxdıq. Normal dəyişiklik idi.

- Hər məğlubiyyətdən sonra oyunçulardan razı qaldığınızı deyirsiz. Bu məğlubiyyətlərdən sonra oyunçuları danlayırsız? Hansı cəzaları tətbiq edirsiz?

- Biz fərqli gözlə baxırıq. O qədər detallar var ki, futbolun inkişafı haqda, turnir haqda danışmaq olar. Mən məşqçi kimi bunu sizə bildirsəm, düzgün çıxmaz. Futbolçulara narazılıq bildirdiyimiz vaxtlar olub. Hətta qalib gəldiyimiz vaxtda da. Bəzən uduzmuşuq, amma oyundan razı qalmışam. İşimizin bir hissəsidir. Cərimələr də olur, narazılıq da bildirilir. Həm fərdi, həm də kollektiv şəkildə. Bu oyuna görə futbolçulara narazılıq bildirmədim. Narazılığın həddi var. Hansı formada narazılıq edirik. Siz rahat olun, lazım olanda etiraz da bildiririk, cərimələr də olur. Lazım olanda, özümü də cərimə etmişəm. Biləsiz. İş prinsipimizdir. Bu futbolçulara bəzən təşəkkür edirəm ki, neçə illərdir, minimum bu səviyyəni qoruyub saxlayıblar. Bu turnirə Çempionlar Liqası gözü ilə də baxa bilərik. "Ayaks", "Tottenhem", "Lion" rəqiblərimizdir. Elə liqalardan gəlirlər ki... Bu cür komandalara qarşı oynamaq futbolçulara həyəcan verir. Biz bu cür rəqiblərə qarşı çəkinmədən mübarizə aparırıq. Komandamı müdafiədə oynada bilərdim. Amma bu cür inkişaf etməyi mən istəmirəm. Qoy belə risklərə gedək, futbolçular uduzsun. Futbol tam başqa səviyyədədir. Sadəcə futbolçulardan istəyirəm ki, cəsarətli olsunlar, istənilən rəqibin üzərinə getsinlər. Səhv etsin. "Qarabağ" olaraq qorxaq futbol oynasaydıq, az səhv etməyi düşünsəydik, bu nəticələri verməzdik. Bu gün istifadə edə bilmədik. Bəlkə sabah başqa cür olacaq. Narahat olmayın. Hər tərəfdən futbolçular idarə olunur. Özüm də tələb edirəm ki, daha yaxşı olmaq, daha da böyümək lazımdır.

- TOP-5 ölkələri ilə fərqimizi izah etdiz. Bu gün Gürcüstan millisinin üzvü dubl etdi. Sizcə, nə vaxt bir azərbaycanlı hücumçu "Qarabağ"ın əsas hücumçusu kimi meydana çıxa bilər?

- Zaman göstərər. Deyəcək bir söz yoxdur. Biz özümüz hələ az girmişik bazara. Gürcüstanın prinsipi elə futbolçuları bu cür klublarda oynatmaqdır. Allah qoysa, bizdə də sayları çox olar.

- Kevin Medinanın ikinci qoldakı səhvi həlledici oldu. Meydanda sona qədər mübarizə aparır, amma gah qırmızı vərəqə alır, gah səhvə yol verir...

- Ola bilər ki, hansısa dəqiqələrdə bir az diqqətsizlik yaranır, futbolçunun çox aqressiv olması, belə epizodlara gətirib çıxarır. Oyuna çox istəkli yanaşırlar. Əgər oyuna 100 faiz hazirlaşırsansa, problemin olacaq. 50-60 faiz olsa, yenə problem yaranacaq. Ən optimal 80-90 faizdir. Rəqib də məcbur edir. Belə komandalara qarşı çətindir. Beyin yorulanda, düzgün qərar qəbul etmir. Açıq oyun getdi, həzz alırdım. İkinci və üçüncü qol matçın tempini saldı aşağı. Ola bilər ki, çox istəkli olması, belə səhvlərə gətirib çıxarır. Kevin təcrübəli oyunçudur, diqqətli olmalıdır. Avrokuboklarda belə səhvlərin sayı çoxdur. Kimisi istifadə edir, kimisə istifadə etmir. Rəqib oyunçunun doqquzluğa düşməsi səviyyəsindən xəbər verir.