"Premyer Liqada idarəçilik edən hakimlər I Liqaya gələndə özlərini ağa kimi aparırlar" » Pressing.Az
"Premyer Liqada idarəçilik edən hakimlər I Liqaya gələndə özlərini ağa kimi aparırlar"
Azərbaycan Futbolu 11-11-2023, 16:09

MOİK I Liqasının VIII turunda "İrəvan"la 0:0 hesablı heç-heçə edib.

"Hərbçilər"in baş məşqçisi Qəzənfər Abbasov matçdan sonra Pressing.az saytına müsahibə verib:

- Nəticə sizi razı sala bilməz. Məncə, oyununuz da heç də yaxşı alınmadı. Xüsusilə ilk hissədə. Fərqli iki hissəni nəylə əlaqələndirərdiniz?

- Təbii ki, nəticədən razı qalmadım. Qol vəziyyətlərimiz oldu. Hakimliklə bağlı narazılığımız vardı. Həqiqətən biabırçılıq idi. Bir yandan matçın həyəcanı, ağır oyundu, bunun təzyiqi, bir yandan da hakimin təzyiqi. Bizdə o baxımdan bir az çətinlik oldu. Uşaqlar oynadılar, vuruşdular, mübarizlik göstərdilər. Ola bilər ki, oyun alına da bilər, alınmaya da. Bəzi futbolçularımızın oyunu alınmasa da, ümumilikdə uşaqlardan razıyam.

- Hakimlikdə əsas nədən narazı qaldınız?

- Qol vururuq, qolumuzu saymırlar. Gördünüz ki, iki qol vurduq. Düzdür, ilk hissədəki epizodla bağlı dəqiq bir şey deyə bilmərəm, buna baxacağıq. Amma ikinci qolda top qapıdan keçir, baş hakim yan xətt hakimə baxır, o da qol qeydə alır. Baş hakim sonra nə fikirləşirsə, deyir top ələ dəyib, qolu qeydə almır. Bu qayda pozuntusuyla bağlı qətiyyətlisənsə, niyə yan xətt hakiminə baxırsan, niyə onunla kontakta girirsən? Baş hakimsən, özün vaxtında saxla. Nə isə, çox detal var, bunun hamısını demək istəmirəm. Sadəcə, hakimlər bu gün 2 xalımızı aldılar. Bir kəlmə bunu deyə bilərəm.

- Siz özünüz da bir vaxtlar hakimlik etmisiniz, yan xətt hakimi olmusunuz. Buna görə daha yaxşı bilərsiniz ki, hakimlərimizdə əsas çatışmazlıq nədi?

- Açığını deyim ki, Premyer Liqada idarəçilik edən hakimlər - Rauf Cabarov da FİFA referisidi - bura I Liqaya gələndə özlərini başqa cür aparırlar. Elə bil ki özlərinə arxayın, ağa kimi olurlar. Yəni, bu liqaya məsuliyyətsiz, saymazyana yanaşırlar. Buna görə səhvləri də həmişə olur. Nəinki bizim, bütün matçlarda belə problemlər var. Bütün komandalar hakimlərdən şikayət edir. Əsas da Premyer Liqadan gələn hakimlərlə bağlı. Bunu dəqiq görərək açıq şəkildə deyirəm.

- Çəkiliş kamerası tək olduğuna, VAR da olmadığına görə hakimlər arxayın olurlar ki, səhvləri görməyəcəklər. Bəs, siz özünüz bu problemlərin qabardılmasından ötrü öz kameralarınızı yerləşdirmək istərdiniz?

- Bunu etsək belə, qərar verilibsə, onu dəyişdirə bilmərik. Sadəcə, qərarın doğru olmadığını göstərmək üçün VAR olmalıdı. Yaxşı olardı ki, gələcəkdə bu liqada da VAR olsun. Çünki bu da peşəkar liqadı, burda da peşəkar futbolçular oynayır. I Liqada da VAR olsa, lap yaxşı olar. Tutaq ki, kameranı qoyduq, yüzdəyüz göründü ki, top futbolçumuzun əlinə dəyməyib. Sabah da bu hakimi cəzalandırdılar, amma bunun mənə, komandama heç heç bir xeyri yoxdu da axı.. Fakt odur ki, 2 xalımı alıblar. Cəzadan sonra hakimlər məsuliyyətli olacaq, nə edəcək - bunu özləri bilər. Faktiki əziyyəti, bizim uşaqların əziyyətini yerə vurular. Bu da düzgün deyil. Düzdür, komandamızda da səhvlər, boşluqlar oldu. Demirəm ki, bizi sırf hakim sıxdı. Bizdə də qaçırılan qol epizodları oldu - bunları qoyuram bir qırağa. Heç vaxt hakimliklə bağlı heç yerdə müsahibə verməmişəm, ilk dəfədi sizə danışıram. Mənə təsir edib ki, danışmalı oluram. Hakimlər məsuliyyətli olmalıdı. Gəlmisənsə, səni bu liqaya təyin ediblərsə, hər şeyə nəzarət etməlisən, diqqətli olmalısan. Burda hər xırda detal hər bir komandanın xal itkisinə bərabər olan şeydi.

- İkinci hissədə bir müddət müdafiə xəttinizdə çaxnaşma, pərakəndəlik oldu və bunu görərək futbolçularınıza "bu nə "bardak"dı" deyə, kəskin etirazınızı bildirdiniz. Nə baş vermişdi həmin anlarda? Hesab etmirsiniz ki, yekunda 1 xalsız da qala bilərdiniz?

- Oyun planında dəyişikliklərdə futbolçularımızın səhvi oldu. Onu qəbul edirəm, futbolçularımla otutub bu haqda danışacam. Çalışırdıq ki, xal itirməyək, qabağa çox atılırdıq. Bu zaman müdafiədə o boşluqlar verilirdi. Müdafiəçilərimizdə tələskinlik vardı, bir az tələsirdilər ki, tez qol vuraq. Bir də bəzi futboluçlarımız yorulmuşdu. Məcburi dəyişikliklərdən sonra vəziyyət düzəldi.

- "İrəvan"dan maddi problemlərə görə çox futbolçu gedib, heyəti qısalıb. Bəlkə komandanızda bir arxayınlıq yaranmşdı ki, rəqib həmin gücdə deyil, çıxıb rahat udacağıq?

- Yox-yox. Heç bir rəqibə qarşı belə yanaşmırıq. Gördünüz ki, ilk hisədə məsuliyyətlə oynadıq. Sadəcə, ikinci hissədə vaxt ziyanımıza işləyirdi. Bu üzdən tələskənlik oldu. Fərrqli oyunumuzu rəqibdəki problemlərlə əlaqələndirməzdim. "İrəvan"da elə futbolçular var ki, yaxın keçmişədək Premyer Liqada oynayırdılar. Hətta bizmkilərdən də təcrübəlilərə malikdirlər. Nə qədər olmasa da, onların meydanda olmağı bizim üçün məsuliyyətdi ki, belə rəqibə qarşı oynayırıq. Futbolçularımız mübarizə apardılar, döyüşdülər, məsuliyyətli idik. Sadəcə, dediyim tələskənlik amili vardı.

- Kapitanınız Sabir Allahquliyev yox idi...

- Zədəsi var. İnşallah, o da düzəlir. Hücumda yaxşı tanıdığım, Region Liqasında da bir yerdə işlədiyim Ramil Orucov bu gün hücumda oynayırdı. Qol vurmağımızda onun payı çox olub. Ya özü fərqlənir, ya məhsuldar ötürmələr verir. Ramil həmişə heyətdə oynayıbsa, həmişə də ondan razı qalmışıq. Sadəcə, bu gün yerini dəyişdik, ortada yox, hücumda oynadı. Ramilin yeri orta xətdi ki, həmişə orda istifadə eləmişik. Ona orda rahatdı. Sabirin yoxluğuna görə məcburiyyətdən hücuma keçirdik.

- Turnir cədvəlində ilk "5-lik"də çox sıxlıq var. Bu, lider olan komandanızda psixoloi gərginlik yaradır?

- Turnir cədvəli bu dəqiqə mənim üçün o qədər maraqlı deyil. Çünki hələ ilk dövrədi, bilinmir necə olacaq gedişat. Mənə maraqlı olan hər oyuna çıxıb qələbə qazanmaq, futboularımızın vuruşaraq buna nail olmasıdı. Qələbəmiz olsun, bu, turnir cədvəlində öz əksini tapacaq.

Elsəvər Muradzadə