"Zirə" klubu Azərbaycan Premyer Liqasının 34-cü turunda doğma meydanda "Kəpəz"lə 1:1 hesablı heç-heçə edib.
Pressing.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "qartallar"ın baş məşqçisi Rəşad Sadıqov jurnalistlərin suallarını cavablandırıb:
- Hər iki komanda yaxşı mübarizə apardı, hər iki komanda sürətli oyun oynamağa çalışırdı. Həm biz, həm onlar qələbəyə köklənmişdi. Alınmadı, bunu həyata keçirə bilmədik. Planlaşdırmadığımız növbəti iki xalı itirdik. Məyusuq.
- Qələbə üçün nə çatmadı?
- Hücumda dəqiqlik, müdafiədə isə daha diqqətli oynamaq. Qələbə üçün adətən çatmayan məqamlar bunlar olur. Bu gün də yenə ilk hissədə qol şanslarımız var idi. Vurduğumuz qol var idi ki, oradan santimetrlik ələ toxunuş qərarı çıxarıldı. Rəqibin vurduğu qol.. Bütün həftəboyu rəqibin əsas təhlil etdiyim məqamı standart vəziyyətlərdən vurduğu qollar idi. Dörd-beş qol vurublar standart vəziyyətlərdən dönən toplardan. Bunun üzərində çox dayandıq, yetərincə danışdıq. Hətta bu günkü toplantımızda standart vəziyyətlər zamanı ikinci top üzərində dayanmışdıq. "Turan Tovuz" dan buraxdığımız qolu göstərdik futbolçulara. Bilirdim ki, "Kəpəz" də bunda təhlükəlidir. Amma təəssüflər olsun ki, futbolçular bu məsələdə tapşırığımı tam diqqətə almayıb, boşluq verdilər. Çox məyusedici məqamda, ilk hissənin son dəqiqələrində qol buraxdıq. Qələbə qazana bilməməyimizdə həmin qolun rolu böyük oldu.
- Vladislav Kulaçın zədəsi nə yerdədir?
- Təbii ki, hücumda əsas qol silahın zədələnib meydanı tərk edirsə, böyük itkidir. Həm psixoloji cəhətdən, həm də oyun keyfiyyəti baxımından belədir. Son zamanlar qollarımızı o vururdu, asisstlər edirdi. Komandamızda hücum xəttində çatışmayan oyunçu idi. Zədələndi, özü də mövsümün sonunda, vacib məqamda. Ümumiyyətlə, hər dəfə "Kəpəz"lə oyunlarda nəsə hadisə baş verir. Buna qədər üç oyun oynamışdıq. Qırmızı vərəqələr olmuşdu. Bu dəfə aparıcı oyunçumuz zədələndi. Amma bu, yenə də qələbə qazanmağımıza mane olmamalı idi. Qələbə qazanmalıydıq. Edə bilmədik.
- Bəs oynaması mümkündür?
- Yəqin ki, sezonu bitirəcək. Çünki iki həftə qalıb mövsümün sonuna.
- Həkimlərinizə etiraz etdiyiniz məqam oldu. Səbəb nə idi?
- Yox. Bir məqamı əvvəldən müzakirə etmişdik ki, rəqib hücumdadırsa, başla oynayan, xüsusilə də stoperlərimiz yerə yatıbsa, tələsməyin meydana girməyə. Pauza götürmək lazımdır. Referi çağırsa belə, bu cür hərəkət edin. Bu tapşırığı vermişdim ki, bəlkə futbolçumuz ayağa durar. Onsuzda ikinci mərtəbədə problem yaşayırıq. Elə də oldu. Yəqin ki, həkim unutdu bunu. Sürətli şəkildə meydana girmək istəyəndə, mən onu saxladım. Sonra nə oldu? Nemanya Ancelkoviş ayağa qalxıb, matça davam etdi. Həmin məqama etiraz edirdim.
- Sona iki tur qalıb və avrokuboklara vəsiqə qazanmağınız daha da mürəkkəbləşib. "Zirə" avrokuboklara vəsiqə qazanmasa, bu, sizin üçün nə demək olacaq?
- Əlbəttə ki, çox məyusedicidir. Bu məsələni müzakirə etmişik və gözə almışıq ki, bu mövsüm alınmaya bilər. Çünki müəyyən xal itkilərindən sonra onsuzda vəziyyətimiz çətin idi. Amma yenə də, sona qədər mübarizə aparmağa çalışırıq. "Turan Tovuz" və "Kəpəz"lə ev oyunlarında mütləq şəkildə qələbə qazanmalıydıq ki, şansımızı sona qədər davam etdirək. Bu oyunlarda da qələbə qazana bilmirsənsə...Belə məqamda qalib gələrək rəqibi basqı altına salmaq olardı. Çünki "Qəbələ" "Turan Tovuz"a qarşı oynayacaq. Amma bu gün də xal itirirsənsə, qalib gələ bilmirsənsə, rəqibə üstünlük vermiş olursan. Təqvim də çətindir. Gələn tur səfərdə " Sabah"la qarşılaşacağıq. Xal fərqi var idi, "Qəbələ" ilə aramızdakı görüşlərin üstünlüyü onlardadı. Yəni, vəziyyət onsuzda çətin idi. Xal itkiləri vəziyyəti bir az da çətinləşdirdi. Sona qədər mübarizəmizi aparacağıq.