"Sabah" klubunun 5 yaşı var.
Lakin yarandığı ildən cari mövsümədək "tələbələr" epizodik rolda idi, sadəcə gözə görünürdü. Amma bu gün...
Bu gün "Sabah" o "Sabah" deyil. Masazır təmsilçisi çempionluq yarışında uzun illərdir Azərbaycan futbolunda hegemonluq edən "Qarabağ"a əsas rəqibdir. Qəsəbə klubu hazırda ağdamlılardan 5 xal geri qalır. Ötən ilin oktyabrında rusiyalı mütəxəssis Murad Musayevi komandanın "sükanı arxasına" gətirən "Sabah" 2022/2023 mövsümünə yaxşı başlayıb və yoluna eyni templə davam edir.
***
Bu gün biri Gəncədə, digəri Masazırda olmaqla iki qarşılaşma oynanıldı. Maraqlıdır ki, hər iki görüşdə qapılara qol vurulmadı. Qərb derbisində - "Kəpəz" - "Turan Tovuz" oyununda qol səsi çıxmadısa, "Bank Respublika Arena"da da tabloda rəqəmlər dəyişmədi. Amma hazırkı durumda "Sabah" - "Qarabağ" oyunu digəri ilə müqayisəyə gələ bilməz. Cari mövsümdə iki favorit komandanın duelində gözlənildiyi kimi baxımlı, açıq futbolun şahidi olduq. Murad Musayevin komandası ilk hissədə qonaqları "sıxdı", real qol vəziyyətləri yaratdı. Bu ssenari ikinci yarıda da davam etdi. "Qarabağ"ın müdafiə xətti rəqib hücumlarının qarşısını çətinliklə alırdı. "Sabah"ın oyununda ən üstün məqam o idi ki, rəqibdən fərqli olaraq meydan sahibləri həm müdafiədə, həm də hücumda çoxala bilirdi. "Qarabağ" futbolçuları isə taktiki səhvlərlə yadda qalırdılar. Bir sözlə, Ağdam klubu bu gün özünə bənzəmirdi. "Qarabağ" mövsümün gedişində istər avrokuboklarda, istərsə də yerli çempionatda bu qədər topsuz qalmamışdı desək, yanılmarıq. Düzdür, oyunun sonlarına yaxın "atlılar" təşəbbüsə yiyələndi, amma bu görüşdə uduzmaq fikrində olmayan "Sabah"ın qapısına yol tapa bilmədi. "Sabah" bu matça həm də "Azərsun Arena"da baş tutan oyunun (4:3) revanşını almaqçün çıxmışdı. Bu görüşü masazırlılar üçün daha da prinsipial edən səbəblərdən biri ilk qarşılaşmada da əzmkar, başabaş mübarizə aparmalarına baxmayaraq, son dəqiqələrdə penaltidən buraxılan qolla məğlub olmaları idi. Lakin əminliklə demək olar ki, bugünkü oyun hər iki klubun azarkeşlərinə zövq verdi.
Azarkeşlərdən söz düşmüşkən, "Bank Respublika Arena"da möhtəşəm ajiotaj vardı. Tribunalar demək olar ki, tam dolu idi. Rəsmi say hələ ki açıqlanmasa da, təxminən 10 minə yaxın tamaşaçı turun mərkəzi görüşünü stadiondan izlədi. Masazır əhalisi artıq "Sabah"ı özününkü hesab edir. "Tələbələr" bu mövsüm sərgilədiyi oyunla qəsəbə sakinlərinə əsl futbol bayramı yaşadır. Güman ki, qarşıdakı matçlarda da tamaşaçılar "Sabah"ı tək buraxmayacaq. Bəlkə də bugünkü kimi ajiotaj olmayacaq, amma tribunalarda boz görüntüyə şahidlik etməyəcəyik.
Bugünkü "Sabah"ı cari mövsümdəki uğurlu çıxışına görə İngiltərə "Arsenal"ına da bənzətmək olar. Musayevin rəhbərlik etdiyi kollektiv uğurlu qrafik cızmaqla illərdir gözləyib, bu mövsüm "partlayan" London klubunu xatırladır.
Xülasə, bizi mövsümün qalan hissəsində maraqlı və ən əsası intriqalı mübarizə gözləyir.
Daşqın Əziz, Offsideplus.az