Kamran Eyyubov: "Bu gün "İmişli"nin Premyer Liqada oynamaması üçün heç bir əsas yoxdur" – MÜSAHİBƏ
Manşet / Müsahibə / Azərbaycan Futbolu 13-05-2024, 00:13

I Liqada mübarizə aparan "İmişli" klubunun İdarə Heyətinin sədri və baş sponsoru "RDC Group" şirkətinin direktoru Kamran Eyyubov XXV tur çərçivəsində doğma meydanda "Qaradağ Lökbatan"la keçirilən oyundan (0:0) sonra Pressing.az-a müsahibə verib.

– "İmişli" futbol klubunun sponsoru oldunuz. Necə oldu ki, bu təşəbbüs yarandı?

– Məncə, RDC şirkəti olaraq futbola gəlməyimiz gözəl təşəbbüs oldu. Çox istərdim ki, digər sahibkarlar da bu təşəbbüsə qoşulsun. Çünki özünüz də azarkeşin futbola sevgisini "İmişi" – "Qaradağ Lökbatan" oyununda gördünüz. Məncə, futbolun inkişafında ən böyük amil azarkeşin tribunanı doldurmağındadır. İmişli azarkeşləri I Liqada olsa belə, bu inkişafa dəstək olmağa hazır olduqlarını göstərdi.

– Sizcə, harda səhv etdiniz ki, I Liqada çempion ola bilmədiniz?

– İstəməzdim deyim ki, çempion olmamışıqsa, hardasa səhv etmişik. Futbol belə sadə olsaydı, o zaman bu yarışı keçirməyə ehtiyac olmazdı. Biz böyük bir iş görmüşük, Aran zonasında bir klubun yaranmasına çalışmışıq. Bəlkə bir az tələsmişik. Ötən il yarımpeşəkar komandamız vardı. Bu il isə mövsümün əvvəlindən sözümüzü deməyə, çempion olmağa çalışdıq. Bəlkə də biz bunda tələsdik. Futbolçulardan razıyam. Hesab edirəm ki, onlar əllərindən gələni etdi. Amma qalibiyyət olmayanda o demək deyil ki, səbəbkar axtarmalıyıq. Hər birimizin səhvi də, çatışmazlığı da ola bilər. Deməli, çempionluğu yaşadan o 1%-i biz ortaya qoya bilməmişik. Düşünürəm ki, bu gün həm İmişli, həm Aran və bütövlükdə Azərbaycan xalqı bu klubla fəxr etməlidir. Çünki biz, demək olar ki, sonadək çempionluğa oynadıq. Müəyyən oyunlarda hakim səhvləri və xoşagəlməz hallar yaşanıb. AFFA və hüquq-mühafizə orqanları da bunu araşdırıb. Bizim adımız tər-təmizdir. Heç bir halda biz bu neqativ məsələlərdə yer almamışıq. Demək ki, biz bu il çempion olmağa hazır deyildik. İnşallah, önümüzdəki mövsümlərdə çempionluq üçün əlimizdən gələni edəcəyik.

– Son günlər komanda sayının artırılacağı deyilir. Sizə Premyer Liqaya çıxmaq üçün lisenziya verilsə, buna hazırsınızmı?

– "İmişli" birmənalı şəkildə buna hazırdır. Siz stadionumuzdakı atmosferi, oyunçuların əzmini gördünüz. İmişli Rayon İcra Hakimiyyəti və yerli icra orqanlarının hamısı bu məsələdə bizə dəstək olur, bölgə camaatı bizi dəstəkləyir. Bu gün "İmişli"nin Premyer Liqada oynamaması üçün heç bir əsas yoxdur. Təbii ki, qərarı AFFA İcraiyyə Komitəsi verəcək, biz onlara müdaxilə edə bilmərik. Amma biz çox istərdik ki, futbolun inkişafına təkan olması üçün "İmişli" Premyer Liqaya buraxılsın. Premyer Liqada komanda sayı artırılsa, bu, I Liqaya II Liqadan yeni komandaların gəlməsinə səbəb olacaq. I Liqa ilə II Liqa arasında pley-off matçları möhtəşəm baş tutacaq. Düşüncəm budur ki, İcraiyyə Komitəsi ötən il çıxardığı yaxşı qərarlarına yenə davam etməlidir. Hesab edirəm ki, "İmişli" lisenziya meyarlarına cavab verdiyindən, Premyer Liqada oynamağa real namizəddir və bu qərar qəbul olunmalıdır.

– İnfrastruktur, stadion Premyer Liqaya uyğundurmu?

– Bu stadion 3-cü kateqoriya UEFA standartlarına uyğun tikilib. Bura vaxtı ilə MKT şirkəti ("MKT İstehsalat Kommersiya" MMC 25 ildən artıq qeyri-neft sektorunda fəaliyyət göstərən pambıq şirkətidir – red.) tərəfindən böyük pullar qoyulub. Təəssüf ki, uzun müddət bu stadionda futbol olmayıb. Amma klub Premyer Liqada çıxış edərsə, stadionun yenidən həmin standartlara qaytarılması üçün heç bir maneə yoxdur. Bunun üçün bizə 2-3 ay lazımdır. Mən sizi əmin edirəm ki, "İmişli" hər ev oyununu məhz bu stadionda oynayacaq. Biz bu məsələlər üçün bəzi şirkətlərlə danışmışıq, UEFA nümayəndəsini buraya dəvət etmişik. Yəni, İcraiyyə Komitəsi tərəfindən Premyer Liqa üçün bizə "yaşıl işıq" yandırılacağı halda, Premyer Liqada oynamağa tam hazırıq.

– Premyer Liqada "Araz-Naxçıvan" nümunəsi var. Onlar da Naxçıvanda oynamalı idi, ancaq indi Bakıda oynayırlar. Siz bu məsələlərlə bağlı AFFA rəhbərliyi ilə danışmısınız?

– AFFA rəhbərliyi bura UEFA inspektorunu özü göndərib. Burada əsas problem qazondadır. İnfrastrukturda digər məsələlər 3-4 həftəyə tam hazır ola bilər. Qazonun düzəldilməsi üçün "Qəbələ" klubunun mütəxəssisləri burada olub. Onlar 2 aya buranın qazonunu qaydasına qoya biləcəklərinə təminat verib. Eyni zamanda AFFA-nın əməkdaşlıq etdiyi "Aqrosport" şirkətinin nümayəndələri də burada olub. Onlar da qısa müddətə stadionu tam standartlara uyğun qaydaya sala biləcəklərini bildirib. Xatırlatmaq istəyirəm ki, bu stadionda UEFA Kuboku oyunları keçirilib. Siz qeyd etdiyiniz "Araz-Naxçıvan"ın stadionu UEFA oyunlarını qəbul etməyib. Bir şeyi də vurğulayaq ki, bu gün Premyer Liqada çıxış edən klubların ev oyunlarını keçirdiyi stadionların bir çoxunu AFFA bilavasitə və ya dolayı yolla tikib və ya maliyyələşdirib. "Qəbələ" istisna, "İmişli" öz stadionuna malik olan yeganə klubdur.

– İmişlinin futbol rayonu olması eyni mövsümdə 3 komandasının (II Liqada "Kür-Araz" və Region Liqasında "Araz" komandasında fəaliyyət göstərir – red.) müxtəlif liqalarda fəaliyyət göstərməsindən də bəllidir. Yeni mövsümdə digər 2 komandanı da öz çətiriniz altına alıb bir klub halında oynamağınız mümkündür?

– Bu gün bu məsələyə klub olaraq "bəli", "xeyr" deməyimiz düzgün olmaz. Bunun üçün digər klublarla məsləhətləşib, onların mövqeyini bilməliyik. Bizim mövqeyimiz birmənalı şəkildə Azərbaycan futbolunu inkişaf etdirmək, yerli futbolçular üçün gözəl akademiya yaratmaq, oyunçuların xarici klublarda oynamasını təmin etməkdir. Güc birlikdədir. Ona görə də istərdik ki, digər klublarla əməkdaşlıq edək. Ancaq biz təklikdə bu qərarı verə bilmərik. Onların da, bizim də maraqlarımız var... Bizim nəinki İmişli, Aran zonasında fəaliyyət göstərən bütün klublarla münasibətlərimiz əladır. Həmin İmişi komandaları ilə eyni stadionu da bölüşürük. Ona görə də onlarla heç bir sıxıntımız yoxdur.

– Ümumiyyətlə, siz Premyer Liqaya çıxsanız, stadion məsələsi ilə bağlı problem ola bilməz?

– Problem baş verə bilməz. Çünki stadion Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının, yəni dövlətin balansındadır. Dövlət özü maraqlıdır ki, regionda futbol inkişaf etsin. Stadionun infrastrukturu məsələləri ilə MKT şirkəti məşğul olur. Onlar da burda işlərin düzgün getməsində maraqlıdır. Stadion bizim Ulu Öndər Heydər Əliyevin adını daşıyır. Əgər stadionda problem varsa, bu hər birimizin problemidir. Gərək stadionu elə hala gətirək ki, o həqiqətən də Ulu Öndərin adına layiq olsun. 20 il bundan qabaq burada 4 ədəd ehtiyat meydança vardı. İnanıram ki, 2-3 ilə buraya o möhtəşəmliyi yenidən qaytaracağıq. Bu məsələdə dövlət rəhbərliyinin də dəstəyinə ehtiyacımız var.

Elsevər Muradzadə/İmişli