"Sabah" klubu Azərbaycan Premyer Liqasının 6-cı turunda səfərdə "Qarabağ"a 0:2 hesabı ilə məğlub olub.
Pressing.az xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında Masazır təmsilçisinin baş məşqçisi Murad Musayev jurnalistlərin suallarını cavablandırıb:
- "Qarabağ" bizdən daha yaxşı idi. Layiqli qələbə qazandılar. Bu məğlubiyyətdə mənim günahım var, özümü günahkar hesab edirəm.
- Neçə oyundur ki, Davit Volkov qol vura bilmir. Onun oyununu necə dəyərləndirirsiz? Sizcə, çempionluğa oynayan komandanın daha yaxşı hücumçusu olmalı deyil?
- Volkovun çox qol epizodu olmur. Bu gün də olmadı, keçən oyunda da. Ötən mövsüm bombardirlərimiz cinah oyunçuları olub. Problem tək Volkovda yox, bütün futbolçularda var.
- Optimal "Sabah"ı görmək üçün nə qədər vaxt lazımdır?
- Optimal heyəti müəyyənləşdirmək üçün bizə nə qədər vaxt lazım olmağı ilə bağlı söz verə bilmərəm. Mən özüm meydana çıxıb futbol oynamıram. Amma bilirəm ki, bu vəziyyəti düzəltmək üçün çox işləməli, baş verən bəzi şeyləri də dəyişməkiyik.
- Bu gün əvvəlki oyunlarla müqayisədə daha sakit idiniz. Belə demək olar ki, məğlubiyyəti əvvəlcədən qəbul etmişdiz?
- Siz özünüz də qərar verin də.. Sakit olanda deyirsiz ki, məğlubiyyətlə barışmışam, danışanda da deyirsiz kart görəcəm. Siz də qərar verin, özümü necə aparım. Əsəbi oluram pisdir, sakit oluram deyirsiz məğlubiyyətlə barışıb. Mənə deyin, özümü necə aparım?
- Komanda "Partizan"a məğlubiyyətdən sonra psixoloji olaraq böhran yaşayır, uğursuzluq zolağındasız. Bunu nə ilə əlaqələndirirsiz?
- Bizə bir qələbə lazımdır. Bu, bizə motivasiya verəcək. "Partizan"la oyundakı məğlubiyyətdən sonra oyunçular məyus olub, özlərinə gələ bilmirsə, onda belə idmançılar getsin otursun televizora baxsın. Uğursuzluq varsa, daha çox işlə, yaxşı nəticə göstər. "Partizan"la bir məğlubiyyətə görə çökmüsənsə, "Sabah"da, futbolda qalmaq lazım deyil. Gedin, evdə oturun. "Partizan" məğlubiyyəti psixologiya ilə əlaqələndirməzdim. Özümüz günahkar idik. Hər oyunda xarakter göstərmək lazımdır. Ötən mövsüm standart vəziyyətdən bir qol da buraxmamışdıq. Ardıcıl iki turdur ki, üç qol buraxırıq. Bu, sadəcə konsentrasiya itkisidir. Şansımız gətirmədi deyə bilmərik. Hər şey öz əlimizdədir. İşimizi yaxşı görməliyik. Əgər bunu edəcəyiksə, yaxşı nəticə olacaq. Etməyəcəyiksə, neqativ nəticə alırıq. "Zirə" ilə, "Neftçi" ilə oyunda şansımız gətirmədi demək istəmirəm. Sadəcə bunu qırmaq lazımdır. Bəlkə başqa xarakter lazımdır. Onda qələbələr olacaq. Ötən günlə yaşayırsansa, idmanda olmaq lazım deyil.
- Dediz ki, meydana çıxıb futbolu mən oynamıram və optimal heyətlə bağlı da konkret söz demədiz. Bəs baş məşqçinin işi nədir? Baş məşqçinin işi elə optimal heyət formalaşdırıb meydana buraxmaq və futbolçulara nəzarət etmək deyil?
- Mən öz öhdəliklərimi bilirəm. Uzun müddətdir baş məşqçi işləyirəm. Bilirəm nə etmək lazımdır. Məndən nə eşitmək istəyirsiz? Demədim ki, optimal heyətin nə vaxt olacağını bilmirəm. Soruşdular ki, qara zolaqdan çıxmaq üçün nə qədər vaxt lazımdır, dedim, bilmirəm. Məsələn, soruşursuz ki, siqaret çəkməyi nə vaxt buraxacqsan? Deyəcəm bu gün. Amma futbol başqa cürdür, əlimdən gələni edəcəm ki, "Kəpəz"lə matçda hər şey yaxsşı olsun. Bilmək olmur necə alınacaq. Pis gedən gedişatı dəyişmək istəyirəm. Azarkeşlərin, medianın narazılığını da anlayıram. Biz buna layiqik. Başda mən olmaqla. Siz bizi tənqid etməlisiz, narazı olmalısız. Biz özümüz də narazıyıq özümüzdən. Bu gün məndən nə asılıdırsa, onu da edəcəm ki, sabah hər şey fərqli olsun. Bəhanələr gətirərək 9 yeni oyunçumuz olduğunu demək istəmirəm. Biz bu gün, "Turan Tovuz"la, "Zirə" ilə bu cür oynamalı deyilik. Heç bir bəhanə yoxdur.
- Ayaz Quliyevin fiziki durumunu necə dəyərləndirirsiz? Nə qədər hazırdır?
- Optimal olaraq hazır deyil. Yalnız 20-30 dəqiqə oynamaya bilər. Komandaya yeni gələnlərin çoxu- Sekidika toplanış keçməyib, evdə olub, üç ay oyun praktikası yox idi, məşq etməyib. Belfodil sonuncu dəfə 3-4 ay əvvəl oynayıb, hazır deyil. Sifariş ərizəsində də ola bilməz. 3-4 həftə hazırlaşmalıdır. Jarl Marqarita da toplanış keçməyib. Vaxt lazımdır ki, formaya düşsünlər.