
Adətən, hər il mayın sonlarında AFFA Hakimlər Komitəsi növbəti mövsüm üçün Premyer Liqa və Birinci Liqada oyunları idarə edəcək hakimlərin siyahısını təsdiqləyib ictimaiyyətə təqdim edir. Bu, illərdir davam edən bir ənənədir. Amma artıq bir aydan çoxdur ki, siyahı açıqlanmır və bu yubanmaya dair suallar açıq qalır.
Məndə olan məlumata görə, məsələ Komitə sədri Frank De Blekerin qərar verməkdə tərəddüd etməsi ilə bağlıdır. Xüsusilə, Rauf Allahverdiyevin taleyi hələ də müzakirə mövzusudur. Bildiyimiz kimi, ötən mövsüm Azərbaycan kubokunun yarımfinalında keçirilən “Neftçi” – “Sabah” matçında verilən qərar böyük rezonans doğurmuşdu. Məhz həmin qarşılaşmada VAR hakimi olan Allahverdiyevə mövsümün qalan hissəsində təyinat verilmədi. Bu qərarın arxasında AFFA rəhbərliyindən gələn təzyiqlərin dayandığı deyilir.
İndi isə ölkə futbolunun bəlli dairələrində onun ümumiyyətlə siyahıdan silinməsi, yəni elit hakimlər arasında yer almaması üçün səylər göstərilir. Halbuki Rauf Allahverdiyev ötən mövsüm Premyer Liqa oyunlarına çıxan 10-12 aparıcı referidən biri olub və VAR performansı ümumilikdə yüksək qiymətləndirilib.
Tək bir səhvə görə gənc bir hakimin karyerasını məhv etmək nəinki ədalətsizlikdir, həm də Azərbaycan futboluna vurulan zərbədir. Belə davranış UEFA-da böyük nüfuza malik olan De Blekerə də yaraşmaz. Çünki bu, gələcəkdə sifarişli qərarların yolunu açacaq. Sabah sifarişçilərin dişinin dibində şirə yeri qalacaq və hansısa şəxsin xoşuna gəlməyən referi də bir səhvə görə sıradan çıxarılacaq.
Əvvəlki komitə sədri Barış Şimşek bənzər hallarda təzyiqlərə qarşı dayana bilmişdi. İndi eyni prinsipiallıq Frank De Blekerdən də gözləyirəm.
Premyer Liqanı diqqətlə izləyənlər yaxşı xatırlayar. Ötən mövsüm “Qarabağ” – “Şamaxı” matçında VAR hakimi Elçin Məsiyev də kobud səhvə yol vermiş, "Şamaxı"nın əleyhinə penalti qeydə alınmışdı. Amma bu onun təyinatlarına təsir etmədi. "Sabah" da, "Şamaxı" da Azərbaycan klublarıdır. Yox, əgər fərq qoyulursa...
Bəlkə də "Sabah" Azərbaycan klubu deyil və bizim xəbərimiz yoxdur...
Elsevər Muradzadə
Pressing.az
